• Təqvim

  • Unutma

  • Maraq



Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır


Bu gün artıq 8-ci gündür ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində  "Açıq qapı” günləri keçirilir. Bununla əlaqədar rayonun idarə, müəssisə və təşkilat kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri "Açıq qapı” günlərində iştirak edərək dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edirlər.

Aprelin 25-dən start verilən "Açıq qapı” günlərində ziyarətçilər gün ərzində ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, öz ehtiramlarını bildirirlər. Daha sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndərin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Sən əlçatmaz zirvəsən” başlıqlı sərgi ilə tanış olur, dahi rəhbərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar.

Dinlənilən mühazirələrdə hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin formalaşmasının, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsi və regionun iqtisadi-siyasi həyatında mühüm rol oynamasının məhz ulu öndərin adı ilə bağlı olduğu diqqətə çatdırılır. Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının ümummilli liderin siyasəti, yüksək idarəçilik qabiliyyəti və əzmkar fəaliyyəti sayəsində mümkün olduğu qeyd olunur. Bugünkü Azərbaycanın inkişaf strategiyasının əsasında da Heydər Əliyev ideyalarının dayandığı vurğulanır. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilir, həmin ildən indiyədək ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verilir.

Mərkəzdə ulu öndərin həyat və siyasi fəaliyyəti ilə yaxından tanış olan ziyarətçilərə çatdırılır ki, "Açıq qapı” günlərinin təşkil olunmasında əsas məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, onun Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlamaq, dahi şəxsiyyəti böyük hörmət və ehtiramla yad etməkdir.

"Açıq qapı” günlərinin növbəti iştirakçıları N.Vəliyev adına şəhər 5 nömrəli, V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli, A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli, Canalı kənd tam orta məktəblərin və M.Hüseyn adına məktəb-liseyin şagird və müəllimləri, rayon Təhsil şöbəsinin, Suvarma Sistemləri İdarəsinin, "Melioservis" İdarəsinin, Su-Kanal İdarəsinin, Magistral Qaz Kəmərləri İdarəsinin, "Avtovağzal" ASC-nin və Qazax rayonu üzrə Maliyyə İdarəsinin kollektivləri olublar.

İştirakçılar əvvəlcə dahi insanın abidəsini ziyarət ediblər. Sonra muzeydə ulu öndərin həyat və siyasi fəaliyyəti haqqında mühazirələr dinləyib və filmə baxıblar. Sərgi ilə tanış olublar.

Məlumat üçün qeyd edək ki, 25 apreldən start götürən "Açıq qapı” günlərində bu günə kimi 1500-ə yaxın ekskursiyaçı iştirak edib. "Açıq qapı” günləri mayın 10-dək davam edəcək.








 






















GOYEZEN.AZ


Facebook-da paylaş