Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır
Bu gün artıq 7-ci gündür
ki, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində "Açıq
qapı” günləri keçirilir. Bununla əlaqədar rayonun idarə, müəssisə və təşkilat
kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon
məktəbliləri, ictimaiyyət nümayəndələri "Açıq qapı” günlərində iştirak
edərək dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edirlər. Dekabrın
3-dən start verilən "Açıq qapı” günlərində ziyarətçilər gün
ərzində ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək
dəstələri düzür, öz ehtiramlarını bildirirlər. Daha sonra muzeyin qarşısında
Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndərin həyatı və siyasi
fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Qurtuluş
mübarizəsinin qalibi-Heydər Əliyev" başlıqlı sərgi ilə tanış olur, dahi
rəhbərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar. Dinlənilən mühazirələrdə hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin formalaşmasının,
Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsi və
regionun iqtisadi-siyasi həyatında mühüm rol oynamasının məhz ulu öndərin adı
ilə bağlı olduğu diqqətə çatdırılıb. Azərbaycanın müstəqil dövlət kimi
formalaşmasının ümummilli liderin siyasəti, yüksək idarəçilik qabiliyyəti və əzmkar
fəaliyyəti sayəsində mümkün olduğu qeyd olunub. Bugünkü Azərbaycanın inkişaf
strategiyasının əsasında da Heydər Əliyev ideyalarının dayandığı vurğulanıb. Ümummilli
lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun 2003-cü ildən etibarən
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib, həmin
ildən indiyədək ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti
barədə məlumat verilib. Mərkəzdə
ulu öndərin həyat və siyasi fəaliyyəti ilə yaxından tanış olan ziyarətçilərə
çatdırılıb ki, "Açıq qapı” günlərinin təşkil olunmasında əsas məqsəd ulu
öndərin siyasi irsini təbliğ etmək, onun Azərbaycanın müstəqilliyi və
suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlamaq, dahi şəxsiyyəti
böyük hörmət və ehtiramla yad etməkdir. "Açıq qapı” günlərinin bugünkü iştirakçıları isə Qazax Dövlət
Yanğından Mühafizə Hissəsinin, rayon Gənclər və İdman İdarəsinin, Aqrar Səhmdar Kredit Təşkilatının Qazax filialının, Məşğulluq Mərkəzinin, Şəmkir
Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin kollektivləri, A.Əmilov
adına Daş Salahlı kənd 1 saylı və V.Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta
məktəblərin müəllim və şagirdləri olublar. Ümumilikdə 230-a yaxın adam ulu
öndərin abidəsini ziyarət edərək əziz xatirəsini anıb. Onu da
qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir. GOYEZEN.AZ
Facebook-da paylaş