• Təqvim

  • Maraq



Qazax Dövlət Dram Teatrı 81-ci mövsümə başlayıb


Bu gün Qazax Dövlət Dram Teatrı 81-ci mövsümünə "Toy günü ayrılıq” tamaşası ilə başlayıb. Qırğız yazıçısı Mar Baycıyevin "Ər və arvad” pyesi əsasında hazırlanmış tamaşada ailə-məişət mövzusu olan gəlin-qayınana münasibətləri, ailəyə olan yersiz müdaxilələr özünü göstərir.

Tamaşadan öncə teatrın direktoru Saqif İskəndərov mövsümü açıq elan edərək kollektivi yeni mövsümün başlanması münasibətilə təbrik edib. Teatrın cari repertuarında olan tamaşalar haqqında ətraflı məlumat verib.


Sonra "Toy günü ayrılıq” tamaşası göstərilib. Quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Afiq Məmmədov və musiqi tərtibatçısı Aybəniz Qurbanovanın olduğu tamaşanı aktyorlar ustalıqla oynayıblar. Tamaşada Gülay rolunu Zəmanə Dərviş, Əziz rolunu Yusif Qoca, ana və hakim rolunu isə Xanım Məmmədova oynayıblar.

Kəmalə Eyyubovanın idarə etdiyi lirik, psixoloji dram janrında olan tamaşa alqışlarla qarşılanıb. Bununla da Qazax Dövlət Dram Teatrı 81-ci mövsümünə başlayıb.

Məlumat üçün bildirək ki, cari mövsümdə teatrın repertuarında Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir” (quruluşçu rejissor, Əməkdar artist Vidadi Əliyev), Mirzə Fətəli Axundzadənin "Xırs quldurbasan” (quruluşçu rejissor, Əməkdar artist Firudin Məhərrəmov), Süleyman Sani Axundovun "Tamahkar” (quruluşçu rejissor, Əməkdar artist Loğman Kərimov), Əli Əmirlinin "Kişi və qadın” və Cəfər Cabbarlının "Solğun çiçəklər” (quruluşçu rejissor, Xalq artisti Zülfüqar Abbasov), İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən”, Elçin Əfəndiyevin "Cəhənnəm sakinləri” və Hüseynbala Mirələmovun "Xəcalət” (quruluşçu rejissor, Əməkdar artist Musa Eyyubov), İskəndər Coşqunun "Ana laylası”, Ə.Haqverdiyevin "Bəxtsiz cavan”, Viktor Hüqonun "Edam məhkumunun son günü” (quruluşçu rejissor, Allahverdi Musayev), Əhməd Orucoğlunun "Sonuncu seriya” (quruluşçu rejissor, Saqif İskəndərov) tamaşaları yer alıb.






GOYEZEN.AZ

 



Facebook-da paylaş