Qazaxda “Dilimizin inkişafında Ümummilli Liderin tarixi qərarı” mövzusunda tədbir keçirilib
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, təhsil, mədəniyyət işçiləri, gənclər iştirak edibər. Azərbaycan dilinin tarixindən, dövlət tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən kitablardan ibarət kitab sərgisi nümayiş etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında Azərbaycan dili ilə bağlı çağırışların yer almasından danışıb. O, bildirib ki, Konsepsiyada Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsi, onun mahiyyətcə inkişafı, həmçinin beynəlxalq səviyyədə təbliği və təşviqi əsəs məsələ kimi diqqətə çatdırılır. Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı, təbliği və təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi kimi məsələlər daxildir. Azərbaycan ədəbi dili inkişaf etdirilməsi, ana dilində yeni əsərlər yaradılması və Azərbaycan dilindən rəqəmsal platformalarda daha geniş istifadə olunması qarşıda duran məsələlərdir. Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Həbibə Məmmədli çıxış edərək bildirib ki, bu gün ana dilimizin və onun yazılı simvolu olan əlifbamızın təntənəsi, şərəf günüdür, kimlik bayramıdır. Bu günün əlamətdar gün kimi qeyd olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 2001-ci il avqustun 9-da imzaladığı fərmanla hər il avqust ayının 1-ni Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunmasını təsbit etdi. O gündən bəri hər birimiz mövqeyimizdən, peşəmizdən asılı olmayaraq xüsusilə qeyd etməliyik. Ana dili bizim yaddaşımızdır. Bizim səsimiz, nəfəsimiz, hiss və duyğularımızın təməli, özülü, köküdür. Azərbaycanın görkəmli ədibləri, şair və yazıçıları, Azərbaycan dilinin əzəmətini, poetik gücünü ömrü boyu qoruyub saxlayıblar. Ana dilimiz Dədə Qorqudumuzun öyüd- nəsihəti, xeyir- duasıdır. İzzəddin Həsənoğlu qəzəli, Nəsimi dərinliyi, Natəvan məğrurluğudur. Ana dilimiz Hüseyin Cavid fəlsəfəsi, Bəxtiyar həyəcanıdır. Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Bayramova çıxış edərək bildirib ki, ana dili millətin ruhu, yaddaşı, kimliyi, “mən kiməm?” sualına cavabıdır. Dilin varsa millətin var. Dilin itərsə millətin də itər. Bu dilin ucalığı uğrunda çalışan bir çox dahilərimiz olub. Şah İsmayıl Xətai onu dövlət səviyyəsinə yüksəldib, C.Məmmədquluzadə isə bütün ömrünü öz dilinə xor baxanlarla mübarizəyə sərf edib. Dilimizi qorumaq hər bir kəsin borcudur. Bunun üçün heç bir ali məktəbdə oxumaq, ziyalı olmaq lazım deyil. Bu dili yaşadıb bizlərə ərmağan edən ulularımız öz sazı, öz sözü, ana laylalrı, bayatılar, oxşamalar ilə dilimizi qoruyub bu günümüzə qədər saxlamağı bacarıblar. Qazax Dövlət Sosial-İqtisadi Kollecin Azərbaycan dili və Ədəbiyyat müəllimi, FBK-nın sədri Qətibə Tomayeva çıxış edərək ana dilimizin saflığından, təmizliyindən danışıb. O, qeyd edib ki, Azərbaycan dili əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini yaşadaraq bu günümüzə gəlib çatmışdır. Dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış və şöhrətləndirmişdir. Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir, bu dil siyasi müzakirəlr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir. Ana dilimiz dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax–Tovuz Regional nümayəndəliyinin kordinatoru Abuhəyat Əfəndiyevaya dövlət dilinin milli kimliyin və suverenliyin əsas göstəricilərindən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, müstəqil Azərbaycanın dövlət dili olan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Hər il 1 avqust tarixinin Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunması da məhz ana dilimizə göstərilən yüksək dövlət qayğısının və milli-mənəvi dəyərlərimizə verilən önəmin bariz nümunəsidir. Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi sahəsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət daşıyır. O, siyasi fəaliyyətinin bütün mərhələlərində ana dilimizin milli varlığımızın əsas sütunlarından biri olduğunu xüsusi vurğulamış, onun inkişafı naminə cəsarətli və prinsipial mövqe nümayiş etdirmişdir. Müstəqil dövlətin əsas rəmzlərindən biri onun dövlət dilidir. Dövlət dili milli suverenliyin, milli birliyin və dövlət müstəqilliyinin ən mühüm göstəricilərindən hesab olunur. Bu gün Azərbaycan dili ölkəmizin Konstitusiyası ilə qorunan dövlət dili olmaqla yanaşı, beynəlxalq təşkilatlarda, diplomatik münasibətlərdə, elm və təhsil sistemində, informasiya-kommunikasiya texnologiyalarında uğurla istifadə olunur.
Avqustun 1-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili Günü ilə əlaqədar “Dilimizin inkişafında Ümummilli Liderin tarixi qərarı” mövzusunda tədbir keçirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq qonaqları, tədbir iştirakçılarını salamlayıb, bu günün Azərbaycanın tarixində mühüm əhəmiyyəti olduğunu bildirib. C.Hüseynova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın dil siyasətinin əsaslarını müəyyənləşdirən dövlət xadimi kimi bu istiqamətdə mühüm hüquqi baza yaradıb. Müstəqilliyin ilk illərində Azərbaycan dili artıq dövlət dili statusu qazansa da, onun bütün dövlət idarəçiliyində, təhsildə, elm və mədəniyyətdə vahid şəkildə tətbiq olunması üçün kompleks tədbirlərə ehtiyac var idi. Məhz bu məqsədlə 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalandı. Bu sənəd Azərbaycan dilinin istifadəsi ilə bağlı mövcud vəziyyəti təhlil etməklə yanaşı, gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirdi. Həmin Fərmanın ən mühüm nəticələrindən biri Prezident yanında Dövlət Dil Komissiyasının yaradılması oldu. Komissiya dövlət dilinin tətbiqi, ədəbi dil normalarının qorunması, terminologiyanın inkişafı və bu sahədə dövlət siyasətinin əlaqələndirilməsi baxımından mühüm funksiyaları yerinə yetirməyə başladı. Bununla Azərbaycan dilinin inkişafı ilk dəfə sistemli dövlət idarəetmə mexanizmi çərçivəsində həyata keçirilməyə başladı. 2001-ci il avqustun 9-da imzalanmış “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman isə ana dilinə dövlət səviyyəsində verilən yüksək qiymətin növbəti ifadəsi oldu. Hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması cəmiyyətin diqqətini dil məsələlərinə yönəltməklə yanaşı, milli-mənəvi dəyərlərin qorunmasına da xidmət edir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 2002-ci ildə qəbul edilməsi isə bu siyasətin hüquqi əsaslarını daha da möhkəmləndirdi. Qanunda dövlət dilinin hüquqi statusu, onun tətbiqi qaydaları, dövlət orqanlarının, təhsil müəssisələrinin, hüquqi və fiziki şəxslərin bu sahədə vəzifələri aydın şəkildə müəyyənləşdirildi. Bununla Azərbaycan dili dövlət idarəçiliyinin, qanunvericiliyin və rəsmi sənəd dövriyyəsinin əsas dili kimi tam hüquqi təminat aldı. “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında da Azərbaycan dilinin inkişafı, o cümlədən beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, ana dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayının və keyfiyyətinin artırılması, Azərbaycan dilinin yayılma coğrafiyasının genişləndirilməsi və beynəlxalq ünsiyyətdəki rolunun artırılması məqsədilə tədbirlərin görülməsi öz əksini tapıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova Azərbaycan Dili Gününün yaranma tarixindən, ölkəmizdə keçdiyi inkişaf mərhələsindən ətraflı danışaraq bildirib ki, müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi prosesində dil amili yalnız mədəni və milli kimliyin ifadəçisi kimi deyil, həm də siyasi-ictimai, strateji bir bütöv olaraq çıxış edir. Bu mənada siyasətin dili və dilin siyasəti anlayışları bir-birini tamamlayan, davam etdirən, eyni zamanda qarşılıqlı şəkildə şərtləndirən iki mühüm istiqamət kimi ortaya çıxır. Çünki siyasət dili vasitəsilə milli maraqlar qorunur, beynəlxalq arenada anlaşıqlıq və qəbuledilmə təmin edilir, daxili idarəetmədə – siyasi qərarların qəbulunda, cəmiyyətdə sabitliyin təminində, ictimai məmnunluğun formalaşmasında konsensus yaradılır, dil siyasəti isə bu prosesi yalnız ideya və çağırışlar səviyyəsində deyil, hüquqi müstəvidə, rəsmi qanunlar-qaydalar, dövlət və ictimai qurumlar, onların fəaliyyət mexanizmləri ilə idarəsini təmin edir, konkret proqramlarla dilin qorunma və inkişaf xəttinin ideoloji əsaslarını formalaşdırır. Məhz bu qarşılıqlı əlaqə Ümummilli Lider Heydər Əliyevdən Müzəffər Ali Baş Komandan İlham Əliyevə uzanan siyasi varislik xəttində aydın şəkildə özünü göstərir. Ulu Öndər Heydər Əliyevin mürəkkəb siyasi şəraitdə formalaşdırdığı balanslı və uzaqgörən siyasi dil modeli Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsinə, onun milli və beynəlxalq səviyyədə legitimləşməsinə xidmət etmişdir. Bu yüksək siyasi iradə təməlində yaradılan model sonrakı dövrlərdə Prezident İlham Əliyev tərəfindən qloballaşma və tolerantlıq şəraitinə uyğun şəkildə inkişaf etdirilərək dil siyasətini konseptual, normativ və iyerarxik çərçivələrdə genişlənməsinə zəmin yaratmışdır. Azərbaycan tarixində Heydər Əliyevin siyasət maneralarının ən aydın şəkildə müşahidə olunduğu mərhələlərdə siyasi dili ilə ən yüksək səviyyədə dil siyasəti yürüdürdü. Ulu Öndər Heydər Əliyev deyirdi: “Dil hər bir millətin milliliyinin əsasıdır.” Bu fikir Azərbaycan dövlətinin dil siyasətinin ideoloji əsasını təşkil edir. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Konstitusiyasının müzakirəsi zamanı onun təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi milli tariximizin ən mühüm siyasi hadisələrindən biri oldu. Bu qərar SSRİ məkanında milli dillərin hüquqlarının qorunması istiqamətində atılmış ən cəsarətli addımlardan biri kimi qiymətləndirilir. Əslində həmin qərar sonradan müstəqil Azərbaycanın dövlət dili siyasətinin hüquqi və ideoloji təməlini formalaşdırdı. O dövrdə qəbul edilən bu prinsipial qərar milli özünüdərk prosesinə ciddi təkan verdi və Azərbaycan dilinin gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan dili artıq müstəqil dövlətin əsas atributlarından birinə çevrildi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Bununla da ana dilimizin hüquqi statusu ən yüksək səviyyədə təsdiqləndi. Bu mərhələdən sonra dövlət dili siyasəti sistemli xarakter aldı. 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsildə, elm və informasiya məkanında geniş tətbiqini təmin edən mühüm sənəd oldu. Həmin Fərman əsasında Prezident yanında Dövlət Dil Komissiyası yaradıldı. Azərbaycan dilinin inkişaf tarixində mühüm hadisələrdən biri də Ulu Öndərin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsidir. Bu qərar dövlətin ana dilinə verdiyi yüksək dəyərin hüquqi ifadəsi olmaqla yanaşı, milli özünüdərkin daha da möhkəmləndirilməsinə xidmət etdi. 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə dövlət dilinin hüquqi statusunu daha da möhkəmləndirdi. Qanunda Azərbaycan dilinin dövlətçiliyin başlıca atributlarından biri olduğu xüsusi vurğulanır, onun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edilir. Müasir dövrdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dil siyasəti Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun uğurla davam etdirilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan çoxsaylı fərman və sərəncamlar bu istiqamətdə ardıcıl dövlət siyasətinin həyata keçirildiyini göstərir. 2004-cü ildə latın qrafikalı kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi, 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, 2018-ci ildə elektron məkanda Azərbaycan dilinin geniş istifadəsinə dair tədbirlər və dövlət dilinin saflığının qorunması haqqında fərmanlar milli dil siyasətinin ardıcıl inkişafını təmin etmişdir. Xüsusilə rəqəmsal transformasiya dövründə Azərbaycan dilinin internet məkanında, elektron xidmətlərdə, süni intellekt sistemlərində və rəqəmsal platformalarda geniş tətbiqinin təmin olunması artıq strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət dilinin müasir texnologiyalarla uzlaşdırılmasına xidmət edir. 2025-ci il 31 iyul tarixli Fərmanla Azərbaycan dilinin tətbiqinə və normativ hüquqi aktlara əməl olunmasına nəzarət funksiyasının Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edilməsi də bu sahədə institusional idarəetmənin daha da təkmilləşdirilməsi baxımından mühüm addımdır. Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif qitələrində yaşayan on milyonlarla soydaşımızı birləşdirən əsas mənəvi körpüdür. Dövlət başçısının qeyd etdiyi kimi, dünyada 50 milyondan artıq insan Azərbaycan dilində danışır. Bu fakt dilimizin beynəlxalq nüfuzunun və yayılma coğrafiyasının genişləndiyini göstərir. Qloballaşma şəraitində xarici dillərin öyrənilməsi müasir dünyanın tələbi olsa da, ana dilinə üstünlük verilməsi milli kimliyin qorunmasının əsas şərtidir. Ulu Öndər Heydər Əliyevin “Rus dilini də bilin, ingilis dilini də bilin, amma onların hamısından yaxşı Azərbaycan dilini öyrənin” fikri bu gün də öz aktuallığını qoruyur. Xarici dilləri bilmək inkişaf üçün vacibdir, lakin ana dilinə sevgi və hörmət milli mənsubiyyətin ayrılmaz hissəsidir. Azərbaycan dili həm də zəngin ədəbiyyatımızın, musiqimizin, elmi irsimizin və dövlətçilik ənənələrimizin daşıyıcısıdır. 






Facebook-da paylaş














