Qazaxda “Azərbaycan xalqının və Azərbaycan dövlətinin qüdrətli Lideri” adlı tədbir keçirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ulu Öndərin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgi nümayiş etdirilib. “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı film nümayiş olunub. Tədbir Qazax Mərkəzəşdirilmiş Kitabxana Sisteminin Uşaq Şöbəsinin fəal oxucularının Ulu Öndərə həsr olunmuş şeir və kompozisiyaları ilə sona çatıb.
Dekabrın 8-də Qazax Rayon Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan xalqının və Azərbaycan dövlətinin qüdrətli Lideri” adlı tədbir keçirilib. Tədbirdə rayonun mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər.




Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, Ulu Öndərin mənalı həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. C.Hüseynova bildirib ki, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət Heydər Əliyev hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb.Dahi şəxsiyyət Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri ölkəmizin tarixinin şərəfli səhifələridir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsipi kimi qəbul edən Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr ölkəmiz və xalqımız üçün taleyüklü mərhələ, çətin sınaqların, böyük böhranın yaşandığı dövr idi. Heydər Əliyevin Azərbaycanına rəhbərlik etdiyi birinci dövr tariximizə iqtisadi inkişaf illəri kimi daxil olub. Həmin illər ölkə həyatında sözün əsl mənasında yeni bir intibah mərhələsinin başlanğıcı idi. Məhz dahi şəxsiyyətin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil oldu.Azərbaycan qısa müddətdə özünü iqtisadi cəhətdən təmin etməyə qadir ölkəyə çevrildi və ittifaqın ən qabaqcıl respublikalarından biri oldu. Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı və ölkənin yeni inkişaf dövrünün əsası qoyuldu.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev xalqın taleyində dərin iz buraxaraq əbədiyaşar Liderə çevrilib. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyev siyasətinin davamıdır. Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoydu. Müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə nailiyyətlər əldə edir, böyük uğurlar, yeni Zəfərlər əldə edir.
Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ramil Qurbanov çıxış edərək bildirib ki, Heydər Əliyev çox qısa zaman kəsiyində böyük bir imperiyanın dövlət zirvəsi ilə bərabər milyonlarla sadə insanın qəlbini də fəth etmişdir. O, bir zamanın, bir məkanın ölçüsünə sığan deyil, o, bütün zamanların, bütün insanların siyasətçisidir. Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi olmaqla, həm Azərbaycan xalq hərəkatının, həm Azərbaycan milli azadlıq hərəkatının həqiqi lideridir.
Ürkməzli kənd Sənətkarlıq Evinin müdiri Gülsənəm Cəlilli çıxış edərək Azərbaycan naminə müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin həyat yolu, çoxşaxəli irsi, əbədiyaşar ideyaları haqqında danışıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bütün varlığı, mənəviyyatı ilə Azərbaycan torpağına, Azərbaycan mədəniyyətinə dərin tellərlə bağlı olan bir şəxsiyyət idi. Azərbaycan mədəniyyətinin bütün sahələrinin inkişafı, təbliği və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsidir.
Qaymaqlı kənd Folklor Evinin müdiri Kazım Kazımlı çıxış edərək bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsası qoyuldu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Milli-mənəvi dəyərlərə, mədəni irsimizə hər zaman böyük həssaslıqla yanaşan və yüksək dəyər verən Ulu Öndər Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, daim onların qayğısına qalırdı.Bu gün ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi Heydər Əliyev ideyalarının əbədiliyinin daha bir təsdiqidir.
Qazax Dövlət Rəsm Qalereyasının bələdçisi Gülnar Abdullayeva çıxışında Azərbaycanın böyük oğlu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün misilsiz fəaliyyəti haqqında danışıb. Bildirib ki, tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayır. İllər keçdikcə onların xalqı və Vətəni qarşısındakı xidmətləri daha çox nəzərə çarpır, əməlləri ilə müqəddəslik zirvəsinə ucalırlar. Müasir müstəqillik tariximizin uğurları, yüksəlişi bütünlüklə Ümummilli Liderimiz, müdrik zəka sahibi Heydər Əliyevin adı ilə bağlıdır. O, müasir Azərbaycan tarixinin yaradıcısıdır.
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi Arzu Alıyeva çıxış edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xalqına həsr etdiyi mənalı həyatından danışıb. Qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının bəxtinə düşmüş Tanrı payıdır. O, öz həyatı və yorulmaz fəaliyyəti ilə xalq üçün, el üçün, Vətən üçün yaşamağın, çalışmağın mübarizə aparmağın əvəzsiz nümunəsini göstərərək nəsillərə örnək ola biləcək bir insan ömrü yaşadı. Sağlığında özünə ucaltdığı ən möhtəşəm abidə isə müstəqil Azərbaycan dövlətidir. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var o qədər də Ulu Öndər yaşayacaq, gələcək nəsillər minnətdarlıq hissi ilə onu yad edəcəklər.
M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin elmi işçisi Esmira Qəribova Azərbaycanın dövlətçilik tarixinin ən parlaq simalarından olan Ümummilli Lider Heydər Əliyevin tariximizə qızıl hərflərlə yazılmış misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev yalnız bir şəxsiyyət deyil, bir məktəbdir - düşüncə məktəbi, idarəçilik məktəbi, Vətənə sevgi məktəbidir. Biz Azərbaycan xalqının iradəsini, düşüncəsini və gələcək yolunu formalaşdırmış bir şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin xatirəsi qarşısında ehtiramımızı bildiririk. 


Facebook-da paylaş















