Ulu Öndər Heydər Əliyevin əbədi ideyaları hər birimizin qəlbində yaşayır
12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycanı dünyada tanıtmış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış dahi şəxsiyyət Heydər Əliyev tarixin onun üzərinə qoyduğu xilaskarlıq missiyasının öhdəsindən ləyaqətlə gələrək dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etməklə qədirbilən xalqımızın qəlbində özünə əbədi işıq yandırdı. Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ulu Öndərin Anım günü ərəfəsində onu dərin hörmətlə, ehtiramla yad etmək üçün rayon ictimaiyyəti, ziyalılar, tələbələr, şagirdlər dahi şəxsiyyətin abidəsini ziyarət edir, adını daşıyan muzeydə Onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən mühazirələr dinləyir, kitab sərgisi ilə tanış olur, filmlərə baxırlar. Dekabrın 4-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Qazax rayon şöbəsinin, “28 nömrəli Yol İstismarı” MMC-nin, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Dövlət Sosial İqtisadi Kolleci Tələbə Gənclər Təşkilatı İdarə heyəti və üzvləri, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin direktor və müəllimləri, Qazax rayon Aslanbəyli kənd tam orta ümumtəhsil məktəbin müəllim və şagirdləri Qazax Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarətçilərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında geniş məlumat verilib, kitab sərgisi və film nümayiş etdirilib.
Ulu Öndər Heydər Əliyev çox böyük qüdrətə malik siyasətçi idi. Onun tərcümeyi-halı ilə tanış olanda bir daha əmin olunur ki, ən çətin anlarda belə mübarizə apararaq qalib olmağı bacaran Heydər Əliyevin həyat və fəaliyyəti daim öyrənməli və tədqiq edilməli məktəbdir. Zəngin dövlətçilik təcrübəsinə malik liderin inkişaf strategiyası fundamental və konseptual xarakter daşıdığından qloballaşan dünyamızda milli maraqlara söykənən siyasətin bugünkü uğurları məhz həmin məktəbin ən layiqli davamçısının apardığı diplomatiyanın nəticəsidir. Ümummilli Liderimiz bu gün bizimlə olmasa da, onun işi, əməlləri, işıqlı ruhu həmişə bizimlədir. Sevinirik ki, ölkəmizin idarəçilik sükanı özünün yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezident İlham Əliyevin əlindədir. Xalqımız inamla, yekdilliklə öz liderini dəstəkləyir, Heydər Əliyev ideyalarının həyata keçirilməsində, müstəqil dövlətimizin inkişaf etdirilməsində xalqımızın maddi-sosial vəziyyətinin yaxşılaşdırılmasında həmrəylik nümayiş etdirir. Milli quruculuğun lideri, xalqın etimadını qazanan Heydər Əliyev müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, elmi əsaslarını yaradan, onların inkişafını təmin edən inkişaf strategiyasının müəllifidir. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi insana minnətdardır. Ulu Öndər Heydər Əliyevin əbədi ideyaları hər birimizin qəlbində yaşayır. Nə qədər Azərbaycan xalqı və dövləti var dünya miqyaslı tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, daim böyük ehtiramla, hörmətlə və rəğbətlə anılacaq.



















Facebook-da paylaş















