• Təqvim

  • Maraq



İcra başçısı Mərkəzi bazarda olub


Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən həyata keçirilən layihələr, məqsədyönlü işlər, imzalanan çoxsaylı Fərman və Sərəncamlar birbaşa vətəndaş amilinə xidmət edir, bütün sahələrdə vətəndaş məmnunluğu əsas götürülür. Ölkə Prezidentinin çıxışları zamanı “Xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlara diqqət və qayğı göstərmək hər bir dövlət məmurunun borcudur. Mən Prezident kimi öz vəzifəmi xalqa xidmətdə görürəm” söyləməsi isə hər bir məmur üçün örnək və nümunə olmalıdır. 

Dövlət başçısının vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr, sakinlərlə bağlı atdığı nümunəvi addımlar Qazax rayonunda da hər zaman hiss olunur. Bunu son illər rayonda görülən işlər, həyata keçirilən tədbirlər, ən əsası da vətəndaş mövqeyinin, onlara olan qayğının daim diqqət mərkəzində saxlanılması əyani şəkildə sübut edir. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini ön plana çəkməsinin bariz nümunəsi vətəndaşlarla keçirdiyi görüşlər, mütəmadi olaraq sakinlərin arasında olması, onların qayğıları ilə yaxından maraqlanması, narahat edən məsələləri öz dillərindən eşitməsi və həlli istiqamətində tapşırıqlar verməsidir. Ən əsası da istər iş fəaliyyətində, istərsə də göstərdiyi diqqət və qayğıda hər zaman vətəndaş məmnunluğunu, onların rahatlığını, xoş güzəranını əsas götürməsidir.  


Noyabrın 27-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “Nazim” MMC-yə məxsus şəhərin mərkəzində yerləşən Mərkəzi bazarda olması, sakinlərlə səmimi söhbət edərək qayğıları ilə maraqlanması vətəndaşlara olan növbəti qayğıdır. Sakinlərlə görüşən icra başçısı vətəndaşlara göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini, ən əsası isə ölkə rəhbərinin istəyinə uyğun şəkildə yerinə yetiriləcəyini diqqətə çatdırıb. Bugünkü görüşün də məhz bu məqsədə xidmət etdiyini bildirib. 

Sonra rayon rəhbəri Mərkəzi bazarda yaradılan səliqə-sahman, satılan məhsulun keyfiyyəti və qiymətləri ilə maraqlanıb. Əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətə, xüsusilə də sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu vurğulayıb. Bazarda sakinlərin rahat şəkildə hərəkət etmələri üçün yaradılan şəraitlə tanış olan icra başçısı bununla bağlı bir daha aidiyyəti üzrə tapşırıqlarını verib.

Sakinlər ölkəmizdə vətəndaş amilinin, mövqeyinin üstün tutulmasını, onlara olan qayğının yüksək səviyyədə olmasını minnətdarlıq hissi ilə qarşılayıblar. Bu cür diqqət və qayğının onlarda ruh yüksəkliyi və dövlət-xalq birliyinə böyük inam hissi yaratdığını söyləyiblər. Ölkə Prezidentinin vətəndaşlara olan qayğısını rayon rəhbərliyi tərəfindən Qazaxda aydın şəkildə hiss etdiklərini dilə gətiriblər. 


GOYEZEN.AZ



Facebook-da paylaş