Qazaxda yüksəksürətli internet xəttinin çəkilişi ilə bağlı görülmüş işlərin mövcud vəziyyəti müzakirə edilib
Azərbaycanın hər bir guşəsində olduğu kimi, Qazax rayonunda da müasir və yüksəksürətli internet xidmətindən sakinlərin rahatlıqla faydalanması məqsədilə bir sıra işlər həyata keçirilir. Qazax şəhərində, eləcə də rayonun kəndlərində GPON texnologiyası ilə sürətli internet çəkilir. GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir.
Sentyabrın 4-də Qazax Rayon İcra Hakimiyyətində şəhər ərazisində və rayonun kəndlərində “Azəronline”, “Delta Telekom”, “Metronet”, CityNet (Optik Tikinti və Montaj MMC) şirkətləri tərəfindən yüksəksürətli internet xəttinin çəkilişi ilə bağlı görülmüş işlərin mövcud vəziyyəti müzakirə edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, internet çəkən şirkət nümayəndələrinin və digər aidiyyəti şəxslərin iştirakı ilə keçirilən iclasda çəkilişin hazırki vəziyyəti, şəbəkə quruculuq işlərinin yekunlaşması, internet qoşulmaları, çəkiliş zamanı yol verilmiş mövcud nöqsan və çatışmamazlıqlar, qarşıda duran işlər geniş şəkildə müzakirə olunub. Qeyd edilən bir sıra məsələlərin aradan qaldırılması, görülmüş işlərin keyfiyyətlə aparılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, yerində baxış keçiriləcəyi bildirilib.
Facebook-da paylaş