• Təqvim

  • Maraq



İcra başçısı şəhərin Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan abadlıq işləri ilə tanış olub


Bu gün əminliklə qeyd edə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları respublikanın bütün bölgələrində uğurla icra edilir. Proqram çərçivəsində təkcə Paytaxt Bakı deyil, bütün rayonlarımız ildən-ilə inkişaf edir. Dövlət Proqramları çərçivəsində abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı rayonlardan biri də Qazax rayonudur. Bunu son dövrlər rayonda həyata keçirilən genişmiqyaslı abadlıq işləri deməyə əsas verir. Xüsusilə də ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması dediklərimizə əyani sübutdur. Belə ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Şəhərdə prospekt və küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də quruculuq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilir. Bu istiqamətdə görülmüş işlər bu il də uğurla davam etdirilir. Hazırda şəhərin Ələddin Qədirov küçəsində, eləcə də burada yerləşən 2,3,4 saylı binaların həyətində abadlıq işləri aparılır. Qeyd edək ki, 2019-cu ildə hər 3 binada daxili fasadla yanaşı, binanın xaricində suvaq işləri aparılıb, göz oxşayan rənglərlə boyanıb. Pilləkan qəfəsləri əsaslı təmir olunaraq rənglənib. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Blokların pəncərələri yenilənib. Blokların giriş hissəsində olan günlüklər yenidən qurulub. Qaz, elektrik və rabitə xətləri səliqəyə salınıb. Bundan başqa, binanın həyətində olan qarajlar suvanaraq rənglənib. Həyətdə sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün eni 1 metr olan beton tökülüb. Bu gün isə binaların həyətində su və kanalizasiya sisteminin çəkilişi başa çatdığı üçün asfalt örtüyü vurulur.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulan Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı çoxmənzilli yaşayış binalarının həyətində görülmüş işlərlə tanış olub. Görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanan icra başçısı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparılması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə olunur.






GOYEZEN.AZ



Facebook-da paylaş