• Təqvim

  • Maraq



Qazaxda Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb


2020-ci ilin 27 sentyabrı! Bu o tarixdir ki, ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz haqq savaşına çıxdı. 44 gün ərzində rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etdi. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu. Cəmi 44 günə əldə etdiyimiz tarixi Qələbə, şanlı Zəfər isə Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazılaraq yaddaşlara əbədi həkk olundu. Azərbaycan xalqı olaraq bizlərə tarixi Qələbəni bəxş edən Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə bir ömür boyu borcluyuq. Eyni zamanda minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək bizlərin üzərinə düşən ən ümdə işdir.

30 illik ayrılıqdan sonra Vətən həsrətinə son qoymaq, düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etmək üçün respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazaxın da igid, mərd oğulları döyüşdə əsl qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsini fəth etdilər.

Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğısını bu gün də olduğu kimi davam etdirir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqəti iş fəaliyyətinin əsas hissəsi hesab edir. Əlamətdar günlərdə şəhidlərimizi və ailələrini yad edən rayon rəhbəri ənənəsinə sadiq qalaraq Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da yad edib, onların əziz xatirələrini ehtiramla anıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə bu dəfə Vətən müharibəsində iştirak edən Qazax rayonunun Qarapapaq, Xanlıqlar və Sofulu kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarlarını ziyarət edən icra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dua oxunub.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə Qazaxın mərd oğullarının da payı olduğunu qeyd edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti, xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.

"Bu gün özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid gizir Amid Məmmədovun atası Müqabil Məmmədov hər zaman şəhid ailələrinə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda unudulmamasını, yad olunmasını həmin qayğının bariz nümunəsi kimi qeyd edib. Qəhrəman Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu olaraq dəyərləndirib.

Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun məzarı



 

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun məzarı




Xanlıqlar kəndinin igid oğlu şəhid Mərdanov Məmməd Ələddin oğlunun məzarı



Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid əsgər Qurbanov Elçin Məcid oğlunun məzarı



Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun məzarı




Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlunun məzarı




Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun məzarı





 

Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Sofulu kənd sakini, şəhid gizir İsmayılov Tahir Niyazi oğlunun məzarı

GOYEZEN.AZ



Facebook-da paylaş