44 günlük Vətən müharibəsindən sonra Qazaxda ilk dəfə "Azərbaycan, Şuşalı Novruz bayramın mübarək!” adlı ümumrayon tədbiri keçirilib - FOTOLAR
2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi Azərbaycan xalqının yaddaşına, eləcə də hərb tariximizə qızıl hərflərlə yazıldı. Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri 44 günlük haqq savaşına çıxdılar və sonda tarixi Qələbə qazandılar. Şanlı Zəfərimiz, Vətən torpaqlarının ərazi bütövlüyü naminə Azərbaycanın igid, qəhrəman oğullarının bir qismi canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldi, bir qismi isə sağlamlığını Vətən yolunda itirdi. Bu gün Azərbaycan vətəndaşı olaraq bizə Qələbə sevincini, qalib xalq adını bəxş edən Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq.
Bu il qalib xalq olaraq növbəti Bahar bayramını, Novruz bayramını qarşılamağa hazırlaşırıq. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə qədim və milli bayramımız olan Novruz bayramı təntənəli şəkildə qeyd olunub.
Martın 16-da "Azərbaycan, Şuşalı Novruz bayramın mübarək!” adlı ümumrayon tədbiri keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyi ilə əlaqədar Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısı bayramsayağı, Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb, Novruzun rəmzi olan böyük tonqal çatılıb. Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi əlilləri, ictimaiyyət nümayəndələri, minlərlə rayon sakini iştirak edib.
Rayon sakinlərində xoş əhval-ruhiyyə yaradan Novruz bayramı tədbirinə Dədə Qorqud abidə kompleksinin qarşısından start verilib. Bayramın atributları sayılan Kosa və Keçəlin, Bahar qızın faytonla yolboyu rayon sakinlərini salamlaması, zurnaçıların, aşıqların baharı, Azərbaycanı tərənnüm edən mahnılarının ətrafa yayılması bayram şənliyinə xoş ovqat qatıb.
Bugünkü bayram tədbirində Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin də xatirəsi anılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qaziləri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər. Vətənin bütövlüyünü şirin canlarından əziz tutan qəhrəman oğullarımızın ruhuna dua oxunub, dərin ehtiramla yad olunublar.
Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və qonaqlar bayram ovqatlı sərgilərə, bayramsayağı bəzənmiş süfrələrə, pəhləvanların, idmançıların və uşaqların maraqlı çıxışlarına, əl işlərindən ibarət nümunələrə, qədim məişət əşyalarına tamaşa ediblər. Adət-ənənələrimizə uyğun hazırlanmış Novruz təamları ilə tanış olub, ululardan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayişinə baxıb, aşıqların ifasında qədim el havalarını dinləyiblər.
Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında davam edən bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədikləri şeirlər, məzəli əhvalatlar, Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon sakinlərinin sevincinə səbəb olub.
Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş xalqımızın əsrlərdən bəri sevinc hissi ilə keçirdiyi Novruz bayramı münasibətilə başda Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla xalqımızı, eləcə də rayon sakinlərini, tədbirə toplaşanları təbrik edib, xoş arzularını çatdırıblar. Öz gəlişiylə bu gözəl bayramın hər evə, hər ocağa bol ruzi-bərəkət gətirməsini diləyiblər. Bu Novruzun digərlərindən fərqli olduğunu dilə gətirən aparıcılar indi Novruz tonqalının əzəli torpağımız olan Qarabağda alovlandığını, Vətən uğrunda canlarından keçən bacı və qardaşlarımızın ruhlarının şad olduğunu, şəhidlərimizin qanları bahasına düşmən tapdağından azad edilən Qarabağımızın öz doğma sakinlərinə qovuşduğunu, indi Xarı bülbülün kövrək deyil, güldüyünü qeyd ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, xüsusilə də şəhid ailələrini, qazilərimizi salamlayıb, əlamətdar Novruz bayramı münasibətilə təbrik edib. Rayon rəhbəri bu dəfə keçirilən Novruz bayramının xüsusilə qeyd edildiyini, qalib xalqın nümayəndəsi kimi bu Novruzu sevinclə keçirdiyimizi diqqətə çatdırıb. Builki Novruzu belə yüksək səviyyədə, bayram əhval-ruhiyyəsində qeyd etdiyimizə görə, eləcə də üzərində gəzdiyimiz torpağa görə şəhidlərimizə borclu olduğumuzu vurğulayıb.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Bu gün qalib xalq olaraq qürurlandığımızı, Ali Baş Komandan İlham Əliyevin qalib xalqın Ali Baş Komandanı olduğunu bildirən icra başçısı buna görə bir daha şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu söyləyib.
Bu gün Qazaxda həm də yeni bir ailənin təməli qoyulub. Vətən müharibəsi iştirakçısı, "Xocəvəndin azad olunmasına görə medalı” ilə təltif olunan Elməddin Yusubov sevib-seçdiyi Bənövşə Əhmədova ilə nikaha daxil olub. Hər kəsin, rayon rəhbərliyinin şahidliyi ilə yeni qurulan ailənin ünvanına xoş sözlər, təbriklər səslənib. Nikahı rəsmiləşdirən Qazax Rayon Qeydiyyat Şöbəsinin rəisi Məsumə Səmədova yeni ailə quran gənclərə ailə xoşbəxtliyi, səadəti arzulayıb. Rayon rəhbərliyi tərəfindən alınan hədiyyəni gənc ailəyə təqdim edən Vətən müharibəsi şəhidi Babək Həsənovun anası Gülarə Həsənova da onlara səmimi ürək sözlərini çatdırıb, belə xoş günün bütün qazilərimizə qismət olmasını arzu edib.
Yeni ailə quran cütlük Novruz tonqalını alovlandırdıqdan sonra "Göyəzən” ansamblının ifasında səslənən Yallının sədaları altında rəqs olunub.
Daha sonra bayram tədbiri Qazax Rayon Mədəniyyət Mərkəzinin böyük zalında davam edib.
Novruz bayramı tədbirində pandemiya dövründə səmərəli fəaliyyət göstərən, vaksinasiya prosesində fəal iştirak edən Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Məmmədova Sevda Abbas qızı, Qazax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Həsənova Sevda Hüseyn qızı, İkinci Şıxlı kənd Ailə Sağlamlıq Mərkəzinin həkimi Nuriyeva Tünzalə Nurəddin qızı, Kəmərli kənd Ailə Sağlamlıq Mərkəzinin həkimi Babayeva Lusiya Sozalı qızı, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Qazax Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Məmmədov Mehman Məmməd oğlu, Gülməmmədov Gülməmməd Qurban oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.
Tədbir iştirakçılarından Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək milli bayramımız olan Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Yeni ailə quran gənclərin ünvanına xoş sözlərini çatdıran B.Vüsal onların belə əlamətdar bir gündə nikaha daxil olmalarını nümunəvi addım kimi qiymətləndirib. Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirən şair bugünkü tədbirin də əvvəlki tədbirlərin davamı olduğunu bildirib. Ötən ilin avqustunda Şuşaya etdiyi səfərdən, orada yaşadığı xoş təəssüratlardan danışan B.Vüsal həmin günün ömrünə yazılan yaddaqalan gün olduğunu qeyd edib. Şuşadan qayıtdıqdan sonra yazdığı "Dönmüşəm” şeiri ilə fikirlərini ifadə edən şair hər kəsə Şuşanı görməyi arzulayıb.
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri, şəhid həyat yoldaşı Kifayət Mustafayeva çıxış edərək bayram təbriklərini çatdırıb. K.Mustafayeva qeyd edib ki, vaxt var idi belə tədbirlərin işğal altında olan torpaqlarımızda, Qarabağda keçirilməsini arzu edirdik. O gün reallaşdı və biz buna görə Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borcluyuq. K.Mustafayeva Azərbaycan xalqını Şuşalı edən şəhidlərimizin ailələri qarşısnda bir şəhid ailəsi olaraq baş əydiyini vurğulayıb.
Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimiz Babək Həsənovun anası Gülarə Həsənova çıxış edərək şəhid anası olaraq Azərbaycan xalqının Novruz bayramını təbrik edib. Mən azərbaycanlı qadın kimi, fəxr edirəm ki, şəhidlərimiz bizim başımızı uca etdilər. Şəhid analarına üz tutaraq həmişə başlarını uca tutmalarını, torpaqları qaytararaq özləri torpaqda olan oğulları ilə hər zaman qürur duymalarını, fəxr etmələrini söyləyib. Şəhid ailələrinə hər zaman göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyeva, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlığını bildirib. "Xarı bülbül gülür, biz də gülməliyik”, - deyən şəhid anası Şuşanı ziyarət etməyin ən böyük arzusu olduğunu qeyd edib.
Ali Baş Komandanın əmri ilə düşmənin üzərinə qartal tək şığıyan igidlərimizdən biri, ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunan şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək bu gün keçirilən bayramın əvvəlki bayramlardan daha fərqli olduğunu bildirib. Şəhidlərimizin canı, qanı, qazilərimizin sağlamlığı bahasına bu gün Novruz bayramını yüksək əhval-ruhiyyə ilə qeyd etdiyimizi diqqətə çatdırıb. Azərbaycan xalqını, şəhid ailələrini, qazilərimizi təbrik edən şəhid atası bu günü qeyd etməyin hər kəsin haqqı olduğunu söyləyib. "Şəhidlərimiz qoymadılar ki, biz Vətənsiz qalaq. Bu gün onların da ruhu şaddır. Neçə ki, biz birik, heç kəs bizə bata bilməz”, - deyən şəhid atası Azərbaycan xalqının bundan sonra da həmrəy olacağını vurğulayıb. S.Abdullayev sonda tədbirin yüksək səviyyədə təşkil olunmasına görə əməyi keçən insanlara minnətdarlığını bildirib.
Vətən müharibəsi şəhidi, ölümümndən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş şəhid gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva çıxış edərək tədbir iştirakçılarının bahar bayramını, Novruz bayramını təbrik edib. "Oğlum Səbuhi bu bayramı həddindən artıq çox sevirdi. Bütün küçələrdəki tonqalların üstündən atlayardı. Şəhid anaları başınızı dik tutun, bizim övladlarımız 30 illik Qarabağ həsrətimizi bizə qaytardılar. Bizim övladlarımız bizim olmayanları bizə qaytardılar və əbədiyyətə qovuşdular. Şəhidlərimiz bizim cənnətdəki sülh göyərçinlərimizdir. Cənnətdəki bayramınız mübarək əziz şəhidlərimiz. Bizim evlərimizdə, küçələrimizdə tonqal yanmasa da, bütün Qarabağımızda tonqallar yanır. Bütün Azərbaycan xalqı şəhidlərimizə minnətdardır”.
Birinci Qarabağ müharibəsi qazisi Nüsrət Musayev çıxış edərək bir qazi olaraq bütün şəhid ailələrinin qarşısında baş əydiyini söyləyib. Qalib ölkənin vətəndaşı olaraq bugünkü günü qeyd etməyin qürurunu yaşadığını qeyd edib. Vətənin, torpağın uğrunda bu gün də canından keçməyə hazır olduğunu bildirib. Tədbirin yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə, əməyi keçən hər kəsə minnətdarlığını bildirib. "Bu xalqa qələbə yaraşır”, - deyən N.Musayev sonda bir daha təbriklərini çatdırıb.
Polkovnik leytenant, Vətən müharibəsi əlili, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Valeh Mustafayev çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, qazi yoldaşlarını əlamətdar gün münasibətilə təbrik edib. "Şəhid ailələri qarşısında baş əyirəm”, - deyən V.Mustafayev hər bir şəhid ailəsinin onun üçün əziz olduğunu bildirib. 44 günlük Vətən müharibəsindən söz açan natiq 2020-ci ilin 27 sentyabrında başlayan həmin müharibədə bütün dünyanın xalq-dövlət-ordu birliyinin, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyimizin şahidi olduğunu qeyd edib. Şəhidlərimizin canı, qanı, qazilərimizin sağlamlığı bahasına Vətən qarşısında olan borcumuzun geri qaytarıldığını vurğulayıb.
Müğənnilərdən Vüsalə Quluyevanın, Elşən Ələkbərovun ifasında səslənən "Yaşa Azərbaycan!”, Zəmanə Dərvişin ifasında səslənən "İki dövlət, bir millət”, Fariz Namazlının ifasında səslənən "Xudayar” təsnifi, Nəsimi Aşbazovun ifasında səslənən "Bura Vətəndir”, Rafiq Abdıyevin ifasında səslənən "Yadıma düşdü”, gənc aşıq Samir Cəlaloğlunun ifasında səslənən "Bura Qazaxdır oğlum”, Qazax Dövlət Sosial–İqtisadi Kollecinin II kurs tələbəsi Nəzrin Muradovanın ifasında səslənən "Azərbaycan”, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında səslənən "Ey həyat sən nə qəribəsən”, Qazax şəhər İsmət Qayıbov aadına 3 nömrəli tam orta məktəbin şagirdi Türkan Rəhimovanın ifasında səslənən "Novruz gəlir, yaz gəlir” mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Şuşalı Azərbaycanımızın Novruz şənliyinə həsr edilmiş bayram tədbiri "Sənsiz bir an Azərbaycan” mahnısı ilə başa çatıb.
Facebook-da paylaş