• Təqvim

  • Maraq



Qazaxda Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidləri yad edilib


Xalqımızın yaddaşına əbədi həkk olunan 2020-ci il! O il ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Şəhidlərimizin qanı, canı bahasına əldə etdiyimiz şanlı Zəfər, tarixi Qələbə bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu bir daha nümayiş etdirdi. 30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazax rayonu da şəhidlər verdi. Vətən torpağı bütöv olsun deyə Qazaxın igid, mərd oğulları da döyüşdə qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.

Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər olan və sonunda xalqımıza Böyük Qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə minnətdar olmaq hər bir vətəndaşın borcudur.

Qazaxda şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımızın xatirəsi daim yad olunur, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün örnək göstərilir.

Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əsas götürən rayon rəhbərliyi Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da unutmadı, əlamətdar gündə şəhidlərimizin əziz xatirələrini ehtiramla andı.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Vətən müharibəsində iştirak edən rayonun Qaymaqlı, Aslanbəyli, Yuxarı Salahlı, Alpout  Ürkməzli kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızı məzarları başında anıb, Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dua oxunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Rayon rəhbəri cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini bildirib. Azərbaycan xalqı var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin borcu olduğunu vurğulayıb.

"Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün nümunə olmalıdır", - deyən icra başçısı bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi bayram ərəfəsində yad etməyi özünə borc bildiyini dilə gətirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid ailələri hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasını, adlarının yaşadılması üçün Qazax Tarix-Diyarşünaslıq Muzeyində guşənin yaradılmasını, övladlarının xatirəsinə həsr olunmuş kitabın yazılmasını, Şəhidlər xiyabanında övladlarının şəkli əks olunmuş lövhələrin vurulmasını, şəhərin mərkəzində Abidə Kompleksinin yaradılmasını razılıq hissi ilə qarşılayıblar. Övladları ilə bağlı həyata keçirilən və keçirilməkdə davam edən bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Qaymaqlı kənd sakini, şəhid əsgər Nəsibov Asəf Səfəralı oğlunun məzarı




Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aslanbəyli kənd sakini, şəhid kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun məzarı



Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid leytenant Bayramlı Elmar İsa oğlunun məzarı




Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Abdullayev Taleh Temraz oğlunun məzarı


 

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid baş gizir Hacıyev Teymur Zaur oğlunun məzarı



 

Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kənd sakini, şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlunun məzarı


 

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid çavuş Pənahov Elməddin Məqsəd oğlunun məzarı




Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü” medallarıilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid gizir Şükürov İlkin Aslan oğlunun məzarı




Ölümündən sonra "Qarabağ” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid gizir Nağıyev Anar Sahib oğlunun məzarı




Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid (MAHHXHQ) çavuş Kərimov Kamil Ələddin oğlunun məzarı




 
GOYEZEN.AZ


Facebook-da paylaş