Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə məktəbin məzunu olmuş Vətən müharibəsi şəhidlərinin xatirələri anılıb
Yola saldığımız 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq şəklində birliyi sayəsində Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatdı. Şəhidlərimizin qanı, canı bahasına əldə etdiyimiz bu Zəfərimiz, tarixi Qələbəmiz bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu bir daha nümayiş etdirdi. 30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazax rayonu da şəhidlər verdi. Vətən torpağı bütöv olsun deyə Qazaxın igid, mərd oğulları döyüşdə qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.
Qazaxda bütün şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın xatirəsi daim yad olunur, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün örnək göstərilir.
Bu gün Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə məktəbin məzunu olmuş Vətən müharibəsinin qazaxlı şəhidləri - gizir Abdullayev Sərxan Elxan oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun və gizir İsmayılov Tahir Niyazi oğlunun əziz xatirəsi yad olunub.
Şəhidlərimizin vaxtilə oturduqları partalara tər qərənfillər düzülüb, oxuduqları sinif otaqlarını onların şəkilləri və üçrəngli Azərbaycan bayraqları bəzəyib.
Şəhidlərimizin valideynlərinin, ibtidai sinif müəllimlərinin, sinif rəhbərlərinin və ibtidai sinif şagirdlərinin iştirakı ilə keçirilən görüşdə igid Vətən oğullarının orta məktəb illərinə, döyüş yollarına nəzər salınıb, şəhidlərimiz haqqında olan xoş xatirələr şagirdlərə çatdırılıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın və Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlının, məktəb direktorunun iştirak etdiyi tədbirdə şəhidlərimizə həsr olunmuş şeirlər səslənib, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb. Həmin qələbədə payı olan Sərxan, Adil, Tahir, Xaliddin kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, yaralı qazilərimizə bir ömür boyu borclu olduğumuzu söyləyib. Gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür anım tədbirlərinin böyük rolu olduğunu qeyd edib. Şəhidlərimizə, onların ailələrinə göstərilən dövlət qayğısından danışan G.Həsənova bugünkü anım tədbirini də həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.
Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək Vətən uğrunda canından keçən şəhidlərimizin Vətən, torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün nümunə olduğunu söyləyib. Yetişməkdə olan gənc nəsli vətənpərvər ruhda böyütməli olduğumuzu diqqətə çatdırıb.
Məktəbin direktoru Tahirə Comərdova çıxış edərək rəhbərlik etdiyi məktəbin yetirməsi olan Sərxan, Adil, Tahir, Xaliddin kimi oğullarımızla fəxr etdiyini, şəhidlərimizin valideynləri qarşısında baş əydiyini bildirib. Şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə yaşayacaqlarını söyləyib.
Sərxan Abdullayevin sinif rəhbəri Südabə Məmmədova, Adil Əfəndiyevin ibtidai sinif müəllimi Xatirə Mustafayeva, Tahir İsmayılovun sinif rəhbəri Bayramxatın Rəhimova, Xaliddin Nəsibovun ibtidai sinif müəllimi Gülnarə Məmmədova çıxış edərək şagirdləri, bu günün qəhrəmanları olan şəhidlərimiz haqqında ürək sözlərini bölüşüblər. Onların simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əydiklərini, bu cür igid oğullar böyüdən şəhid analarının əllərindən öpdüklərini dilə gətiriblər.
Şəhid ataları Elxan Abdullayev, Vaqif Nəsibov, şəhid anaları Afət Əhmədova və Üçgülnaz İsmayılova övladlarına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev başda olmaqla, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Pandemiya və müharibədən sonra məktəblərdə keçirilən ilk dərsin övladlarına, eləcə də Vətən müharibəsi şəhidlərinə həsr olunmasını yüksək qiymətləndiriblər. Bu tədbirin təşəbbüskarı olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür ediblər. Bugünkü anım tədbirini rayon rəhbərliyinin şəhidlərimizə olan növbəti qayğısı kimi dəyərləndiriblər. Övladlarının daim qəlblərdə yaşaması üçün bu cür anım tədbirlərini təşkil edən və əməyi keçən hər kəsə razılıqlarını ifadə ediblər.
Sonda məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər söyləyərək onlara olan ehtiramlarını bildiriblər.
"Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğlu
"Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu
"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sofulu kənd sakini, şəhid gizir İsmayılov Tahir Niyazi oğlu
"Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu
GOYEZEN.AZ
Facebook-da paylaş