• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib

2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi böyük Qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu gün xalq olaraq bizə qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən Azərbaycanın qorxmaz Vətən övladlarına borcluyuq. Tarixi Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq. Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək isə bizim mənəvi borcumuzdur.

30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədə Qazaxın mərd oğullarının da payı var. Qazaxın 51 nəfər igid oğlu düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldi.

Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın da xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri hər zaman yad olunur.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizi, qazilərimizi, onların ailə üzvlərini daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də davam etdirir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı rayon rəhbərinin iş fəaliyyətinin əsas hissəsini təşkil edir. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların məzarlarını ziyrət edən, ailələrini tək qoymayan rayon rəhbəri ənənəsinə sadiq qalaraq qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da yad edib, onların əziz xatirələrini ehtiramla anıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovla birlikdə Vətən müharibəsində iştirak edən Cəfərli, Xanlıqlar, Sofulu  Aşağı Əskipara kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub. 

Rayon rəhbəri Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı hərb tarixinə, xalqımızın yaddaşına adlarını qızıl hərflərlə yazan igid oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil dövlətimiz, xalqımız var olduqca şəhidlərimizin də daim qəlblərdə yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını əziz tutmağın, yaşatmağın hər birimizin vəzifəsi olduğunu vurğulayıb.

"Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün nümunə olmalıdır. Özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini söyləyib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid gizir Amid Məmmədovun atası Müqabil Məmmədov, şəhid əsgər Oruc Qasımovun atası Afiq Qasımov və başqaları şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasına görə razılıq ediblər. Şəhid ailələri igid Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi qeyd ediblər.

Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Cəfərli kənd sakini, şəhid leytenant Nəsibov Nicat Qəşəm oğlunun məzarı


Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun məzarı




Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid əsgər Qurbanov Elçin Məcid oğlunun məzarı




Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun məzarı


Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlunun məzarı




Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun məzarı



 Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhidçavuş İsgəndərov Pərvin Pərviz oğlunun məzarı



Xanlıqlar kəndinin igid oğlu şəhid Mərdanov Məmməd Ələddin oğlunun məzarı




Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Sofulu kənd sakini, şəhid gizir İsmayılov Tahir Niyazi oğlunun məzarı


 

Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kənd sakini, şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun məzarı



 

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kənd sakini, şəhid (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun məzarı



 

GOYEZEN.AZ



Facebook-da paylaş