Qazaxda Vətən müharibəsi şəhidi gizir Turan Məmmədovun ildönümü qeyd olunub
2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mərd oğulları bütövləşən Vətən naminə dəmir yumruğumuzu düşmənin başına endirdi. Döyüş meydanında qəhrəmancasına vuruşan igid oğullarımız düşməni məhv edərək tarixi Qələbə qazandı. Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə 44 gündə son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş etdilər. Şanlı Azərbaycan Ordusu bu haqq savaşında tarixi Qələbə, böyük Zəfər əldə etdi. 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimiz, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri də 27 yaşında Şəhidlik zirvəsinə yüksələn gizir Məmmədov Turan Nadir oğludur.
Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Turan Məmmədovun bu gün uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. Qəhrəman şəhidimizin ildönümünü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib.
Bu gün Vətən uğrunda Şəhidlik zirvəsinə ucalmış igid Vətən oğlunun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü” medalları anasına və qardaşına təqdim olunub.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin vaxtilə təhsil aldığı Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin müəllim və şagirdləri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. 44 günlük Vətən müharibəsindən, həmin müharibədə qazandığımız tarixi Qələbədən söz açan rayon rəhbəri 8 noyabrda qeyd etdiyimiz şanlı Zəfəri Turan kimi oğullarımızın sayəsində əldə etdiyimizi, buna görə onlara borclu olduğumuzu bildirib. İllər ötsə belə Azərbaycan xalqının tarixi Qələbənin müəllifi olan Ali Baş Komandanı, hərbçilərimizi, şəhidlərimizi, qazilərimizi heç zaman unutmayacağını qeyd edib. "Nə qədər xalqımız, dövlətimiz var, Vətən uğrunda canından keçən şəhidlərimiz daim xatırlanacaq, fəxrlə, qürurla yad olunacaq. Onların xatirəsini uca tutmaq, adını yaşatmaq hər birimizin borcudur”, - deyən icra başçısı Vətən müharibəsində canlarını torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Turan Məmmədovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
E.Qurbanov Dəmirçilər kənd tam orta məktəbin direktor əvəziGülnar Osmanova şəhidimizə Allahdan rəhmət diləyərək ruhu və valideynləri qarşısında baş əydiyini söyləyib. Düşmən tapdağında qalan torpaqlarımızla yanaşı, milli-mənəvi dəyərlərimizi bizlərə qaytaran şəhidlərimizlə hər kəsin qürur duyduğunu qeyd edib. Qanları, canları ilə şərəf, zəfər tarixi, Qarabağnamə yazan şəhidlərimizin hər birimizin baş tacı olduğunu diqqətə çatdırıb. İgid Vətən oğlu haqqında xatirələrini bölüşən G.Osmanova qeyd edir ki:
- "Turana indi hansı istiqamətdə xidmət edirsən dedikdə, hər zaman söyləyirdi ki, mən hər yerdəyəm, mənim sorağım hər yandan gələcək. Mənim məktubum Şuşadan gələcək deyirdi. Bu gün müəllimi kimi onunla fəxr edir, Turan kimi qəhrəman oğullarımızı gələcək nəsillərə tanıtmaq, onların keçdikləri döyüş yolunu daim nümunə göstərmək biz müəllimlərin borcudur”, - deyən G.Osmanova məktəbin müəllim kollektivi olaraq bunun üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib.
Şəhid atası Nadir Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Turanın xatirəsinin əziz tutulması, ailəsinə sahib çıxılması, daim yad olunması onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib.
Gizir Məmmədov Turan Nadir oğlu
Şəhid gizir Məmmədov Turan Nadir oğlu 29 avqust 1993-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1999-cu ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Turan Məmmədov 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2013-cü ilin aprelində isə təxris olunmuşdur.
Turan Məmmədov əsgərlikdən qayıdandan sonra evdə çox dayanmadı, mayın əvvələrində sənədlərini hazırlayıb Bakıya getdi. Kəşfiyyatçı olmaq istəyirdi. Bu məqsədlə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) 6 ay oxudu və arzusunda olduğu gizir hərbi rütbəsini aldı. Turan Məmmədov 2013-cü ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında gizir kimi xidmət etməyə başlamışdır. 2015-ci ildə isə Hava Hücumundan Müdafiə Qurğularının zenit-raket bölüyündə gizir olmuşdur. O, qardaş Türkiyə hərbçiləri ilə də təlimlərdə iştirak etmiş, 2 dəfə kurs keçmiş, "Komando" məktəbində oxumuşdur.
Turan 2016-cı ilin Aprel döyüşlərində mərdliklə vuruşdu, yaralanaraq bu salnamənin ilk səhifəsini yazdı. Sonrakı illərdə Turan Məmmədov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) baş kəşfiyyatçı, gizir kimi xidmətini davam etdirmişdir.
Vətən müharibəsində Turan Məmmədov həmlə-kəşfiyyat taborunun tərkibində döyüşə girərək mərdliklə döyüşüb, yeniyetməlik illərindən ürəyində kök atmış arzularını həyata keçirməyə başlayıb, düşməndən qisas alaraq ona aman verməyib. Murovdağ yüksəkliyi uğrunda 4 gün döyüşüb, yüksəkliyi düşməndən azad etdikdən sonra zirvəsinə bayraq sancıblar. Sonra Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Turan Məmmədov oktyabrın 5-dən 6-na keçən gecə Ağdərənin Tonaşen kəndindəki yüksəkliyi alarkən şəhid olub. 29 noyabr 2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Turan Məmmədovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş