Qazaxda Vətən müharibəsi şəhidi Nicat Nəsibovun ildönümü qeyd olunub
2020-ci ilin 27 sentyabrında başlayan İkinci
Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü naminə Ali Baş Komandan
İlham Əliyevin də söylədiyi kimi, dəmir yumruğumuzu düşmənin başına endirib,
döyüş meydanında başını əzərək tarixi Qələbə, böyük Zəfər əldə etdik. Azərbaycan
xalqının 30 illik Qarabağ, Vətən həsrətinə 44 gündə son qoyaraq qalib ölkənin vətəndaşı
olmağı bacardıq. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu bu haqq savaşında da qalibiyyət
qazandı. 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimiz,
qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz
göstərdikləri şücaətlə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş
etdirdilər. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə
yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri də 24
yaşında Şəhidlik zirvəsinə yüksələn, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə
ölümündən sonra 5 medalla təltif olunan əsgər Nəsibov
Nicat Səməd oğludur. Bu gün Nicat Nəsibovun qanı bahasına azad etdiyi
torpağa tapşırıldığı gündən 1 il ötür. İgid Vətən oğlunun
ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi
ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Cəbrayılın
azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının
azad olunmasına görə” medalları atasına təqdim
olunub.
İldönümü mərasimində Qazax Rayon İcra
Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan
Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Azərbaycan Respublikası
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin
sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Musa Həsənov adına
Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qovcayev və məktəbin müəllimləri,
şagirdləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə
üzvləri, yaxınları, doğmaları, döyüş yoldaşları, kənd sakinləri iştirak ediblər. Qazax
Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi
idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil
Vəliyev şəhidimizə
Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra
başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. A.Vəliyev
qeyd edib ki, Vətən
müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz
kimi, Nicat Nəsibov da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim
yaşayacaq. Azərbaycan xalqının milli azadlığını,
respublikamızın müstəqilliyini qorumaq, torpaqlarımızın ərazi
bütövlüyünü bərpa etmək üçün qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizlə hər bir azərbaycanlının fəxr etdiyini, qəhrəman oğullarımızın, bütün şəhidlərimizin, o
cümlədən də Nicatın xatirəsinin daim əziz tutulacağını vurğulayıb. 44 günlük Vətən müharibəsindən
söz açan A.Vəliyev bu müharibədə Şəhidlik zirvəsinə ucalan oğullarımızın
sırasında dayanan Nicatın təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv
Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu söyləyib. A.Vəliyev
Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva
tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan da
danışıb. İstər ölkə başçısı, istərsə də Birinci vitse-prezident tərəfindən
şəhid ailələrinə və qazilərimizə yüksək dövlət qayğısı göstərildiyini
vurğulayıb. Həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü, rayon
rəhbərliyi tərəfindən yüksək səviyyədə davam etdirildiyini qeyd edib. Şəhid atası Səməd Nəsibov şəhid
ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə
edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun daim yad
olunmasını Nicatın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın
bariz nümunəsi kimi qiymətləndirib. "Vətən müharibəsində şəhid olan igid
oğullarımız bir daha sübut etdilər ki, Qarabağ Azərbaycanın ayrılmaz
hissəsidir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bu gün şəhidlərimizin,
qazilərimizin sayəsində həmin torpaqlarda üçrəngli Azərbaycan Bayrağı dalğalanır”,
- deyən şəhid atası oğlu Nicat və onun kimi igid Vətən oğulları ilə hər zaman
fəxr edəcəyini, qürur duyacağını söyləyib. Əsgər Nəsibov
Nicat Səməd oğlu ŞəhidNicat Nəsibov 3 oktyabr 1996-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində
anadan olmuşdur. 2003-cü ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin
1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini
bitirmişdir. 2014-cü ildə Gəncə Regional Kollecinə daxil olmuşdur. 2016-cı ilin
aprel ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinəhəqiqi hərbi xidmətə çağırılmış, 2017-ciilin oktyabr
ayında isə tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan
sonra yenidən Gəncə Regional Kollecində təhsilini davam etdirmişdir. 2019-cu
ildə kolleci elektrik ixtisası üzrə başa vurmuşdur. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə
Gəncə Regional Enerji İdarəsində işə düzəlmişdir. Ölkə
Prezidentinin "Azərbaycan
Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına
əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb
olunmuşdur. 24 yaşlı igid Vətən oğlu 27.10.2020-ci il
tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına
şəhid olmuşdur. 29.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd
qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Müzəffər
Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Nicat Nəsibov ölümündən sonra cənab
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın
azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına
əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının
azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi
xidmətlərə görə” medalları ilə təltif edilmişdir. Qəhrəman şəhidimizin doğulub
boya-başa çatdığı Birinci Şıxlı kəndində yaşadığı evin qarşısında adını əbədiləşdirən
bulaq inşa olunub. GOYEZEN.AZ
Facebook-da paylaş