24 yaşında göstərdiyi igidliyə görə beş medalla təltif olunan Vətən müharibəsinin qazaxlı şəhidi Nicat Nəsibov
Şəhidlərimizi
tanıyaq və tanıdaq-------------------------------------- 2020-ci ilin 27 sentyabrından başlayan İkinci
Qarabağ müharibəsində bütövləşən Vətən naminə dəmir yumruğumuzu düşmənin başına
endirdik, döyüş meydanında başını əzərək tarixi Qələbə qazandıq. Azərbaycan
xalqının 30 illik Qarabağ niskilinə 44 gündə son qoyaraq qalib ölkənin vətəndaşı
olmağı bacardıq. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu bu haqq savaşından da
alnıaçıq, üzüağ çıxdı. 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər
və zabitlərimiz, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını
itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, ordumuzun gücünü, qüdrətini
bütün dünyaya bir daha nümayiş etdirdilər. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan
Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri də 24 yaşlı şəhidimiz əsgər Nəsibov Nicat
Səməd oğludur.
Şəhid Nicat Nəsibov 3 oktyabr 1996-cı ildə
Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2003-cü ildə Musa Həsənov
adına Birinci Şıxlı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2014-cü ildə
həmin məktəbin XI sinfini bitirmişdir. 2014-cü ildə Gəncə Regional Kollecinə
daxil olmuşdur. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi
xidmətə çağırılmış, 2017-ci ilin oktyabr
ayında isə tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Gəncə Regional Kollecində
təhsilini davam etdirmişdir. 2019-cu ildə kolleci elektrik ixtisası üzrə başa
vurmuşdur. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə Gəncə Regional Enerji
İdarəsində işə düzəlmişdir.
Ölkə Prezidentinin "Azərbaycan
Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına
əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb
olunmuşdur. 24 yaşlı igid Vətən oğlu 27.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29.10.2020-ci il
tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn
edilmişdir. Subay idi. Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən
olan Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Cəbrayılın azad olunmasına görə”, 29
dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının
azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə”medalları ilə təltif edilmişdir. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün
şəhidlərimiz kimi Nicat Nəsibov da Azərbaycan xalqının, qazaxlıların qəlbində
daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.
GOYEZEN.AZ
Facebook-da paylaş