• Təqvim

  • Maraq



Qazaxda Vətən müharibəsi şəhidi Nicat Nəsibovun doğum günündə adını əbədiləşdirən bulağın açılışı olub


2020-ci ilin 27 sentyabrından başlayan İkinci Qarabağ müharibəsində bütövləşən Vətən naminə Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, dəmir yumruğumuzu düşmənin başına endirdik, döyüş meydanında başını əzərək tarixi Qələbə qazandıq. Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə 44 gündə son qoyaraq qalib ölkənin vətəndaşı olmağı bacardıq. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu bu haqq savaşından da alnıaçıq, üzü ağ çıxdı. 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimiz, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər. 

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri də 24 yaşında Şəhidlik zirvəsinə yüksələn və döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra 5 medalla təltif olunan əsgər Nəsibov Nicat Səməd oğludur.

Bu gün yaşasaydı 25 yaşını qeyd edəcəkdi igid Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Nicat Nəsibovun doğum gününü ailəsi ilə bərabər yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. 

Oktyabrın 3-də qəhrəman şəhidimizin doğum günündə doğulub boya-başa çatdığı Birinci Şıxlı kəndində yaşadığı evin qarşısında adını əbədiləşdirən bulağın açılışı olub.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova,  icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qovcayev və məktəbin müəllimləri, şagirdləri, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, döyüş yoldaşları, kənd sakinləri iştirak ediblər. 

Əvvəlcə qəhrəman şəhidimizin kənd qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək tər qərənfillər düzülüb, ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. İgid Vətən oğlunun xalqımızın və qazaxlıların qəlbində əbədi yaşayacağı vurğulanıb.







Sonra şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, tər qərənfillər düzülüb.





Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bulağın açılış mərasimində giriş sözü ilə çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. Nicat Nəsibov kimi igid Vətən oğullarının hər birimiz üçün əziz olduğunu bildirib. Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizlə hər bir azərbaycanlının fəxr etdiyini, qəhrəman oğullarımızın, bütün şəhidlərimizin, o cümlədən də Nicatın xatirəsinin daim əziz tutulacağını vurğulayıb.


"Bu gün hər bir azərbaycanlı fəxr edir ki, Ali Baş Komandan İlham Əliyev kimi Prezidenti, onun "Dəmir yumruğ”u ətrafında sıx birləşən Nicat kimi igid oğulları var. 30 illik həsrətdən sonra Nicat kimi qəhrəmanlarımızın sayəsində işğal altında olan torpaqlarımıza qovuşduq. Bu gün qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, Nicat kimi vətənpərvər oğullarımıza borcluyuq. Nə qədər Azərbaycan xalqı var, Nicat kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq”, - deyən birinci müavin igid Vətən oğulları ilə hər birimizin fəxr etdiyini bildirib.


44 günlük Vətən müharibəsindən söz açan birinci müavin bu müharibədə Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın sırasında dayanan Nicatın təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu söyləyib.

M.Alıyev Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan da söz açıb. İstər ölkə başçısı, istərsə də Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə və qazilərimizə yüksək dövlət qayğısı göstərildiyini vurğulayıb. Həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirən birinci müavin rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə davam etdirildiyini qeyd edib.


Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan birinci müavin Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən Abidə Kompleksinin  yaradıldığını qeyd edib. Bu gün həmin Abidə Kompleksinin Şəhidlər xiyabanından sonra hər kəsin ziyarət etdiyi müqəddəs məkana çevrildiyini bildirib.


Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli "Rəşadət” ordeni, "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi kapitan, Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov çıxış edərək bir qazi kimi dövlətimiz, ölkə başçısı və Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısına görə minnətdarlığını bildirib. Ölkə başçısının şəhidlərimizin ailələrinə, qazilərimizə göstərdiyi qayğının Qazaxda da olduğu kimi, hiss olunmasını, rayon rəhbərliyi tərəfindən davam etdirilməsini razılıq hissi ilə qarşılayıb. "Bugünkü tarixi Qələbəmizi şəhidlərimizə və qazilərimizə borcluyuq”, - deyən S.Çobanov bütün şəhidlərimizlə fəxr etdiyini, qürur duyduğunu dilə gətirib.


Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın 30 illik yurd həsrətinə son qoyan şəhidlərimizə, onların ailələrinə qayğı göstərməyin, sahib çıxmağın hər birimizin borcu olduğunu bildirib. Şəhidimizin cənnətdəki ilk ad gününü onsuz qeyd etsək də, Nicatın daim qəlblərdə əbədi yaşayacağını söyləyib. Açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq. 


"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri Xasay Balayev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralı qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə razılığını ifadə edib.


Şəhidimizin komandiri kapitan Vüsal Əhmədov çıxış edərək Nicatın döyüş yolundan, göstərdiyi şücaətdən söz açıb. Qəhrəman döyüşçüsü haqqında fikir bildirməyin onun üçün çətin olduğu qədər də şərəfli olduğunu vurğulayıb. Nicatın təkcə el-obasının deyil, bütöv Azərbaycanın qəhrəman oğluna çevrildiyini, onunla hər kəsin qürur duyduğunu br daha diqqətə çatdırıb.


Açılış mərasimində iştirak edən Vətən müharibəsi şəhidi MAHHXHQ əsgər Əhmədov Mahmud Fərman oğlunun bacısı Günel Mahmudova çıxış edərək torpaq uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, xatirələrini ehtiramla anıb. Qardaşı Mahmud və bu gün doğum gününü qeyd etdiyimiz Nicatla, eləcə də bütün şəhidlərimizlə qürur duyduğunu söyləyib. "Biz şəhid anaları, ataları, bacıları, qardaşları, ailə üzvləri ayaqda dursaq, şəhidlərimiz hər zaman yaşayacaq. Şəhidlərimizi yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq hər birimizin borcudur”, - deyən şəhid bacısı bütün şəhidlərimizlə fəxr etdiyini bildirib.

Sonra Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin şagirdləri şəhidimizə həsr olunmuş şeirlər səsləndirib, igid Vətən oğluna olan ehtiramlarını bildiriblər.



Şəhid atası Səməd Nəsibov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun daim yad olunmasını Nicatın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. "Mənim oğlum şəhid olsa da qəhrəman kimi şəhid oldu. Xalqı, milləti, Vətəni üçün şirin canından keçdi. Təsəllim odur ki, oğlumun və bütün şəhidlərimizin qisası alındı, düşmən tapdağında olan torpaqlarımız, doğma Qarabağımız azaddır”, - deyən şəhid atası oğlu Nicat və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Bulağın tikilməsində əsas məqsədin Nivcatın adını yaşatmaq, gələcək nəsillərə ötürmək olduğunu qeyd edib. Şəhid atası sonda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb. 

Daha sonra rayon rəhbərliyi və qonaqlar igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olub, Nicat Nəsibov kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını bir daha vurğulayıb, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.









 

Əsgər Nəsibov Nicat Səməd oğlu


ŞəhidNicat Nəsibov 3 oktyabr 1996-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2003-cü ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ildə Gəncə Regional Kollecinə daxil olmuşdur. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinəhəqiqi hərbi xidmətə çağırılmış, 2017-ciilin oktyabr ayında isə tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Gəncə Regional Kollecində təhsilini davam etdirmişdir. 2019-cu ildə kolleci elektrik ixtisası üzrə başa vurmuşdur. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə Gəncə Regional Enerji İdarəsində işə düzəlmişdir.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 24 yaşlı igid Vətən oğlu 27.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.


Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”,  24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilətəltif edilmişdir.

Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi Nicat Nəsibov da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.






GOYEZEN.AZ



Facebook-da paylaş