Qazaxda 8 Noyabr - Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatı 44 gün davam etdi. 44 gün sonra Vətən müharibəsi təxminən otuzillik işğala son qoydu və ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində qazandığımız və bu gün qürurla səsləndirdiyimiz həmin tarixi Qələbə ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 8 noyabrda - Zəfər Günü kimi qeyd edildi.
8 Noyabr - Zəfər Günü ölkəmizin bir çox bölgələrində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
Tədbirlərə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarətlə start verilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra şanlı Zəfərə həsr olunmuş yürüş və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin qarşısında təntənəli bayram tədbiri təşkil edilib.
Tədbir başa çatdıqdan sonra şanlı Zəfərimizə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədov, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" medalı laureatı, "Əməkdar Jurnalist” Akif Aşırlı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri ağacəkmə aksiyasında iştirak ediblər.
Şəhid ailələrinin
və qazilərin də iştirak etdiyi aksiyada Bakı-Ələt-Qazax-Gürcüstan
dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Ağköynək və Birinci Şıxlı kəndləri ərazisindən keçən hissələrində ümumilikdə 2400 ədəd (şam, çinar, göyrüş, sərv, ərik olmaqla) ağac əkilib.
Əkilən ağaclar
suvarılıb, aqrotexniki qulluq göstərilib.
GOYEZEN.AZ
Facebook-da paylaş