Qazax Tarix-Diyarşünaslıq Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tariximizi öyrənək" adlı aksiya davam edir
Vətən müharibəsində qazandığımız Böyük Zəfərin təntənə
ilə qeyd edilməsinə sayılı günlər qalıb. Həmin Zəfər ki, Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyev siyasətinin, şanlı Ordumuzun gücünün, qüdrətinin
nəticəsi oldu. Bu, o Zəfərdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi şanlı ordumuzun
tarixi Qələbəsi ilə başa çatdı və xalqımızın yaddaşına əbədi həkk olundu. Bu gün xalqımız həmin tarixi Qələbəni qürurla
xatırlayır və Zəfər bayramı olaraq qeyd edəcək. Ölkə Prezidenti İlham
Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis
edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən bu il 8 noyabrın Zəfər Günü kimi qeyd olunması
da bunun bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, 8
Noyabr – Zəfər Günü Qazaxda da silsilə tədbirlərlə qeyd
olunur. Vətən müharibəsinin birinci ildönümünün
keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq artıq bir neçə
gündür ki, Qazax Tarix-Diyarşünaslıq Muzeyində "Açıq qapı" aksiyası
təşkil edilir. "Tariximizi öyrənək" adı altında start götürən
"Açıq qapı” aksiyasının əsas məqsədi tariximizi öyrənmək, Vətən uğrunda
canlarını fəda edən igid qəhrəmanlarımızı tanıtmaqdır.
Bugünkü aksiyanın iştirakçıları Qazax
şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 7-8-ci sinif
şagirdləri olub. Məktəblilər muzeylə, eləcə də Qazax Rayon
İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 44 günlük Vətən müharibəsi və
Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə yaxından
tanış olublar. Muzeyin ikinci mərtəbəsində 338 nəfər Qazaxın igid, qəhrəman
oğlunun xatirəsinə yaradılan bu guşənin şəhidlərimizə olan ehtiramı özündə əks
etdirdiyi diqqətə çatdırılıb. Qazaxın tarixi, dünəni, bu günü barədə ətraflı
məlumat verilib. Əsrlər keçsə, nəsillər bir-birini əvəz etsə belə 8
Noyabr - Zəfər Gününün tariximizin qəhrəmanlıq səhifəsinə yazılan şanlı gün
kimi hər zaman qürur və fəxrlə qeyd olunacağı bildirilib. 44 günlük Vətən
müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi
Qələbəyə görə Ali Baş Komandana, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə
borclu olduğumuz qeyd edilib. Şəhidlərimizi yaxından tanımaq üçün bu cür
ziyarətlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb. Sonra məktəblilər şəhidlərə həsr olunmuş şeirlər
səsləndirərək ehtiramlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş