Qazax Rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na növbəti virtual ekskursiya
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən artıq 1 il ötür. Xalqımız yaddaşımıza əbədi həkk olunan 8 noyabrı - mədəniyyət paytaxtımız olan, Qarabağın baş tacı sayılan Şuşanın azad olunduğu günü qürurla xatırlayır. İndi qalib ölkənin vətəndaşı olan hər kəs 8 noyabrı Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il Zəfər Günü kimi qeyd edəcək.
8 Noyabr – Zəfər Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.
Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzində start verilən "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyanın təşkili davam etdirilir.
Ekskursiyanın bugünkü iştirakçıları Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin 5-6-7-ci sinif şagirdləri olub.
İştirakçılar əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olub, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər.
Sonra Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiya təşkil edilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva ekskursiyanın əhəmiyyətindən danışaraq qeyd edib ki, Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, birliyini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tariximizin ən şərəfli səhifəsini yazdı. Tarixi Zəfərimizin əbədiləşdirilməsi, gələcək nəsillərə çatdırılması üçün Respublika Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi Qənimətlər Parkı” salınıb. "Hərbi Qənimətlər Parkı” Azərbaycanın qüdrətinin göstəricisidir. Azərbaycan Ordusunun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü ağır texnikalar, raket kompleksləri, atıcı silahlar və digər sursatlar "Hərbi Qənimətlər Parkı”nda nümayiş etdirilir. Düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş hərbi texnikası bir daha ordumuzun gücünü göstərir.
GOYEZEN.AZ
Facebook-da paylaş