Qazax Rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na bu gün də virtual ekskursiya təşkil olunub
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şəhər və rayonlarımızı 30 illik həsrətdən sonra düşmən tapdağından azad etdi. 8 noyabr isə xalqımızın yaddaşına mədəniyyət paytaxtımız olan, Qarabağın baş tacı sayılan Şuşanın azad olunduğu gün kimi yazıldı. İndi həmin 8 noyabr tarixi hər il Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək. Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamı da bu məqsədi daşıyır.
8 Noyabr – Zəfər Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.
Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzində start verilən "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyanın təşkili davam etdirilir.
Ekskursiyanın bugünkü iştirakçıları Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 7-8-9-10-11-ci sinif şagirdləri olub.
İştirakçılar əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olub, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər.
Sonra Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiya təşkil edilib.
Mərkəzin direktoru Ceyhunə Hüseynova məktəbliləri salamlayıb, ekskursiyanın əhəmiyyətindən söz açıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmən üzərində misli görünməmiş qələbə qazanmışdır. Bu qələbə onu göstərdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir. 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı olaraq məğlubiyyətlərə məruz qalan düşmən müharibə cinayətləri törədib, döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. C.Hüseynova qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə şanlı tariximizin daim yaşadılması üçün "Hərbi Qənimətlər Parkı”nın inşa edilməsi xüsusi əhəmiyyət kəsb edir. Parkın yaradılmasında məqsəd xalqımızın qəhrəmanlıq tarixini nümayiş etdirməkdir. Parkda Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə ermənilərdən götürdüyü qənimətlər, onların qoyub qaçdıqları atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar sərgilənir. "Hərbi Qənimətlər Parkı”nı ziyarət edərkən Müzəffər Ordumuzun şanlı qələbəsi ilə bir daha fəxr edirik. Xalqımız bu müharibə ilə bağlı daim qürur hissi keçirəcək.
GOYEZEN.AZ
Facebook-da paylaş