• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na növbəti virtual ekskursiya təşkil edilib


Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şəhər və rayonlarımızı 30 illik həsrətdən sonra düşmən tapdağından azad etdi. 8 noyabr isə xalqımızın yaddaşına mədəniyyət paytaxtımız olan, Qarabağın baş tacı sayılan Şuşanın azad olunduğu gün kimi yazıldı. İndi həmin 8 noyabr tarixi hər il Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək. Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamı da bunun əyani sübutudur. 

8 Noyabr – Zəfər Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Oktyabrın 28-dən etibarən Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzində "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyanın təşkilinə start verilib. Ekskursiyanın bugünkü iştirakçıları Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-11-ci sinif şagirdləri, Qazax Gənclər İdman İdarəsinin gəncləri, məşqçi müəllimlər və könüllüləri olub.

İştirakçılar əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olub, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər. 


Sonra Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiya təşkil edilib. Məktəblilərə bildirilib ki, cəmi 44 gün ərzində düşmənə qarşı yüksək psixoloji ruh ilə tətbiq etdiyi taktiki yeniliklər, müasir silah-sursatdan və texnikadan istifadə, yüksək səviyyəli ordu quruculuğu və vahid komandanlıq sayəsində Azərbaycanın düşmən üzərində möhtəşəm qələbəsini, xalqımızın Vətən müharibəsində misilsiz qəhrəmanlığını, tarixi Zəfərimizin əbədiləşdirilməsi,  gələcək nəsillərə çatdırılması  üçün Respublika Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi Qənimətlər Parkı” salınmışdır. "Hərbi Qənimətlər Parkı” Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır. Qeyd olunub ki, bu parkın yaradılması Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüsdür. Şəhərlərimizi dağıdan, məscidlərimizi təhqir edən, insanlığa qarşı qara ləkə olan ermənilərin əsl xislətini, 30 illik işğalçılıq siyasətini "Hərbi Qənimətlər Parkı”nın timsalında yaradılmış memarlıq kompleksi gələcək nəsillərə olduğu kimi çatdıracaq.


Ziyarətçilərə Parkda sərgilənən 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun silahlı qüvvələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə ermənilərdən qənimət kimi götürülmüş hərbi silah-sursat və həmçinin Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar və düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İsgəndər-M” raketinin qalıqları və digər eksponatların şəkilləri, onlar haqqında ayrı-ayrı məlumatlar verilib.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin müəllifi olan Ali Baş Komandan İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuz vurğulanıb. 









GOYEZEN.AZ



Facebook-da paylaş