• Təqvim

  • Maraq



Qazax Tarix-Diyarşünaslıq Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tariximizi öyrənək" adlı aksiya bu gün də davam edib


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsində qazandığımız və bu gün qürurla səsləndirdiyimiz Böyük Zəfərin təntənə ilə qeyd edilməsinə sayılı günlər qalıb. Bu, o şanlı Zəfərdir ki, ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il 8 noyabrda Zəfər Günü kimi qeyd ediləcək.

Respublikamızın hər yerində olduğu kimi,  8 Noyabr – Zəfər Günü Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq artıq bir neçə gündür ki, Qazax Tarix-Diyarşünaslıq Muzeyində təşkil edilən "Açıq qapı" aksiyası bu gün də davam edib. "Tariximizi öyrənək" adı altında start götürən "Açıq qapı” aksiyasının əsas məqsədi tariximizi öyrənmək, Vətən uğrunda canlarını fəda edən igid qəhrəmanlarımızı tanıtmaqdır.  

Bugünkü aksiyanın iştirakçıları Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 7-ci sinif şagirdləri və Qazax Rayon Gənclər və İdman İdarəsinin gənc könüllüləri olub.


Məktəblilər və gənclər muzeylə, eləcə də Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 44 günlük Vətən müharibəsi və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə yaxından tanış olublar. Muzeyin ikinci mərtəbəsində 338 nəfər Qazaxın igid, qəhrəman oğlunun xatirəsinə yaradılan bu guşənin şəhidlərimizə olan ehtiramı özündə əks etdirdiyi diqqətə çatdırılıb. İştirakçılara Qazaxın tarixi, dünəni, bu günü barədə ətraflı məlumat verilib.



İllər ötsə belə 8 Noyabr - Zəfər Gününün tariximizin qəhrəmanlıq salnaməsi kimi hər zaman qürurla qeyd olunacağı bildirilib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəyə görə Ali Baş Komandana, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuz qeyd edilib. Şəhidlərimizi yaxından tanımaq üçün bu cür ziyarətlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Sonra şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, əziz xatirələri ehtiramla anılıb.




 

GOYEZEN.AZ



Facebook-da paylaş