• Təqvim

  • Maraq



Ölümündən sonra üç medalla təltif olunan qazaxlı şəhid Merik Mustafayevin cənnətdəki doğum günü ailəsi ilə birlikdə qeyd edilib


2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan xalqı özünün keşməkeşli tarixinin daha bir şanlı səhifəsini yazdı. O şanlı səhifə ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Qələbə qazanaraq özünün ərazi bütövlüyünü təmin etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək xalqımıza böyük tarixi Qələbəni bəxş etdilər. Azərbaycan dövlətinin və şanlı ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.

Vətən müharibəsində qazanılan Qələbədə payı olan igid oğullarımızdan biri də 25 yaşında Şəhidlik zirvəsinə yüksələn əsgər Mustafayev Merik Musa oğludur.


Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Merik Mustafayevin bu gün cənnətdəki doğum günüdür. Bu gün yaşasaydı 26 yaşını qeyd edəcəkdi qəhrəman Vətən oğlu. Şəhidlik adlı zirvəyə ucalan şəhidimizin doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. 

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Bu amili əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, əziz xatirələrini ehtiramla anır.

Ənənəsinə sadiq qalan rayon rəhbəri bu gün Vətən müharibəsi şəhidi Merik Mustafayevin cənnətdəki doğum gününü ailəsi ilə birlikdə qeyd edib.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Məhəmməd Xəlilli ilə birlikdə şəhidimizin ata ocağında olub, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan rayon rəhbəri həmin zəfəri bizlərə bəxş edən Merik kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.

"Bu gün Merikin doğum gününü onsuz qeyd etsək də, o, daim bizim qəlbimizdə yaşayır. Şəhidlik zirvəsinə ucalan Merik yaşadığı qısa ömrünə yüz illərin qəhrəmanlıq dastanını sığdırdı. Onun igidliyi, qəhrəmanlığı gələcək nəsillərə, gənclərə örnəkdir. Merik kimi oğullarımızın sayəsində işğal altında olan torpaqlarımız azad olundu və bütün şəhidlərimizin qisası alındı, bu gün onların ruhu şaddır”, - deyən rayon rəhbəri Merik tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə hər zaman qürur duyulacağını vurğulayıb. Rayon rəhbəri Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan oğullarımızın sırasında dayanan Merikin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu söyləyib.

 

"Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı hər bir dövlət məmuru, eləcə də hər kəs üçün örnək olmalıdır”, - deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz həmin dövlət qayğısının dayandığını qeyd edib. Azərbaycan xalqı var olduğu müddətcə şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını qeyd edib. Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrinin vurulduğunu diqqətə çatdırıb. Şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunduğunu söyləyib. Həmin Abidə Kompleksinin şəhidlərimizin ruhuna olan böyük hörmət və ehtiramı uzun illər özündə əks etdirəcəyini, Kompleksi ziyarət edən hər kəsin şəhidlərimizin şəkillərinin nümayiş olunduğu monitoru, haqqında yazılmış məlumat lövhələrini izləməklə şəhidlərimizi yaxından tanıyacağını qeyd edib. Qazaxa qonaq gələn, bu müqəddəs ünvana üz tutan hər kəsin şəhidlərimizə olan ehtiramlarını bildirəcəklərini, ruhları qarşısında baş əyəcəklərini vurğulayıb.


 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir daha şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. Şəhidimizindoğum günündə onun xatirəsinin yad olunmasını Merikin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.

Əsgər Mustafayev Merik Musa oğlu


ŞəhidMerik Mustafayev 5 noyabr 1995-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2015-ci ildə isə tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. "N” saylı hərbi hissənin atıcısı hərbi vəzifəli əsgər Merik Mustafayev 26.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 27.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.

Bütün şəhidlərimiz kimi Merik Mustafayevin də göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhid əsgərimizin də adı var. Merik Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları  ilə təltif edilmişdir.




GOYEZEN.AZ



Facebook-da paylaş