• Təqvim

  • Unutma

  • Maraq



Ölümündən sonra üç medalla təltif olunan qazaxlı şəhid Merik Mustafayevin Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür


2020-ci ildə sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan xalqı özünün keşməkeşli tarixinin daha bir şanlı səhifəsini yazdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Qələbə qazanaraq özünün ərazi bütövlüyünü təmin etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək xalqımıza böyük tarixi Qələbəni bəxş etdilər. Azərbaycan dövlətinin və şanlı ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.

Vətən müharibəsində qazandığımız Qələbədə payı olan igid oğullarımızdan biri də 25 yaşında Şəhidlik zirvəsinə yüksələn əsgər Mustafayev Merik Musa oğludur.

Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Merik Mustafayevin şəhadətə ucaldığı gündən 1 il ötür. Bu gün igid Vətən oğlunun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla anılıb.


İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. A.Vəliyev illər keçsə belə şəhidlərimizin heç vaxt unudulmayacağını, həmişə minnətdarlıq duyğuları ilə yad olunacaqlarını bildirib. Qeyd edib ki, Vətən uğrunda canından keçən şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcu, ən ümdə vəzifəsi olmalıdır. Tarixi Qələbəni Merik kimi qəhrəman oğullarımızn sayəsində əldə etdiyimizi, həmin şanlı Zəfərə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha dilə gətirib. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan, hörmət və ehtiramdan danışan A.Vəliyev həmin qayğının Qazaxda da hər zaman əsas götürüldüyünü bildirib.

Əsgər Mustafayev Merik Musa oğlu


Şəhid Merik Mustafayev 5 noyabr 1995-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2015-ci ildə isə tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. "N” saylı hərbi hissənin atıcısı hərbi vəzifəli əsgər Merik Mustafayev 26.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 27.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.



Bütün şəhidlərimiz kimi Merik Mustafayevin də göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhid əsgərimizin də adı var. Merik Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları  ilə təltif edilmişdir.



 

GOYEZEN.AZ



Facebook-da paylaş