Vətən müharibəsində göstərdiyi igidliyi ölümündən sonra beş medalla qiymətləndirilən şəhid leytenant Nicat Nəsibovun ildönümü qeyd olunub
Qələbə və Zəfər ili kimi yaddaşlara həkk olunan 2020-ci il! Həmin il ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyduğu, düşmən üzərində qələbə qazanıldığı, torpaqlarımızın erməni işğalından azad edildiyi, üçrəngli bayrağımızın əvvəlki tək Qarabağ torpaqlarında dalğalandığı bir il kimi xalqımızın yaddaşına yazıldı.
Vətən müharibəsində qazanılan Qələbədə, xalqımıza yaşadılan zəfər dolu günlərdə payı olan igid oğullarımızdan biri də şəhid leytenant Nəsibov Nicat Qəşəm oğludur.
Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə yüksəlmiş Nicat Nəsibovun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Xocavəndin azad olunmasına görə” medalı anasına təqdim olunub.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. "Vətənin azadlığı naminə canını fəda edən Nicat Nəsibov kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün örnəkdir. Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etmək, Nicat kimi oğulları tanıtmaq hər bir azərbaycanlının mənəvi borcudur”, - deyən icra başçısı qəhrəman şəhidlərimizin qəlbimizdə əbədi yaşayacaqlarını qeyd edib. 44 günlük haqq savaşında tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran bütün şəhidlərimiz kimi, Nicat Nəsibovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını, xatirəsinin daim əziz tutulacağını vurğulayıb. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Şəhid atası Qəşəm Nəsibov şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə razılığını bildirərək ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad olunmasını Nicatın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib. Oğlu Nicatın, eləcə də onun kimi igid Vətən oğullarının hər zaman fəxr, qürur yeri olacağını söyləyib.
Leytenant Nəsibov Nicat Qəşəm oğlu
22 yaşında Şəhidlik zirvəsinə yüksələn Nicat Nəsibov 1 yanvar 1998-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2004-cü ildə Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2015-ci ildə həmin liseyi bitirmişdir. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin hərbi məktəbi bitirib leytenant rütbəsi ilə "N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlamışdır. 2020-ci ildə digər "N” saylı hərbi hissəyə təyinat almışdır.
"N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində hərbi qayda-qanunlara uyğun şəkildə xidmət aparır, üzərinə düşən işin öhdəsindən layiqincə gəlirdi. Xidmətini yüksək səviyyədə həyata keçirdiyi üçün 26 avqust 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdu.
Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərən Nicat Nəsibov torpaqlarımızın azadlığını canından üstün tutmuşdur. "N” saylı hərbi hissənin 4-cü taborunun 12-ci bölüyü 1-ci tağımının komandiri leytenant Nicat Nəsibov 18.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhid leytenantımız 01.11.2020-ci il tarixdə doğulduğu Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid leytenant Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, 24iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş