• Təqvim

  • Unutma

  • Maraq



Vətən müharibəsində göstərdiyi igidliyi ölümündən sonra üç medalla qiymətləndirilən qazaxlı şəhid leytenant Nicat Nəsibov

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


Qələbə və Zəfər ili kimi yadda qalan 2020-ci il də artıq tarixə qovuşdu. Yola saldığımız bu il cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyduğu, düşmən üzərində qələbə qazanıldığı, torpaqlarımızın erməni işğalından azad edildiyi, üçrəngli bayrağımızın əvvəlki kimi Qarabağ torpaqlarında dalğalandığı bir il kimi xalqımızın yaddaşına yazıldı.

Vətən müharibəsində qazanılan Qələbədə, xalqımıza yaşadılan zəfər dolu günlərdə payı olan igid oğullarımızdan biri də Şəhidlik zirvəsinə yüksəlmiş şəhid leytenant Nəsibov Nicat Qəşəm oğludur.


22 yaşlı şəhid Nicat Nəsibov 1 yanvar 1998-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2004-cü ildə Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin VIII sinfini bitirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2015-ci ildə həmin liseyi bitirmişdir. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin hərbi məktəbi bitirib leytenant rütbəsi ilə "N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlamışdır. 2020-ci ildə digər "N” saylı hərbi hissəyə təyinat almışdır. Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenant Nicat Nəsibov 01.11.2020-ci il tarixdə doğulduğu Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid leytenant Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə” "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi Nicat Nəsibov da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.


GOYEZEN.AZ



Facebook-da paylaş