• Təqvim

  • Unutma

  • Maraq



Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhid çavuş Timur Əliyev ölümündən sonra 3 medalla təltif olundu

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


2020-ci ilin 27 sentyabrdan başlayan Vətən müharibəsi! İkinci Qarabağ müharibəsi! O Vətən müharibəsi ki, torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşımız oldu. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətəni döyünən ürəyi, üçrəngli bayrağımızı qürurumuz, and yerimiz bilən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız bu haqq savaşında Qələbə qazanmaq üçün döyüş meydanına atıldılar. Azərbaycan xalqının 30 illik Vətən, yurd, torpaq həsrətinə son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdılar. Nankor düşmənlə yanaşı, bütün dünyaya bir daha sübut etdilər ki, Azərbaycan dövləti güclü dövlətdir və apardığı savaş haqq savaşıdır. Bu savaş birlik savaşıdır! Yüzlərcə elindən, obasından ayrı düşən günahsız insanları, 30 ildir ki, vətənsiz böyüyən vətən övladlarını Qarabağımıza yenidən qaytarmaq uğrunda gedən savaş­dır! Bəli, bu savaş Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun gücü, qüdrəti sayəsində bizim şanlı Qələbəmizlə, Zəfərimizlə başa çatdı. 10 Noyabr yaddaşlara tarixi Qələbənin yazıldığı gün kimi həkk olundu.

Qarabağ adlı zəfərimizin qazanılmasında payı olan, döyüş meydanında vuruşaraq Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də şəhid çavuş Əliyev Timur Nurəddin oğludur.


Şəhid Timur Əliyev 29 may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində anadan olmuşdur. 1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində I sinfə daxil olmuş, 1998-ci ildə həmin şəhərdə VIII sinfi bitirmişdir. 1998-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə XI sinfi bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, həqiqi hərbi xidməti keçərək 2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Şəhid çavuş Timur Əliyev 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid çavuşumuz 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Alsu və Leyla adlı iki azyaşlı qız övladı yadigar qalıb.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən bütün şəhidlərimizin xatirəsi dövlətimiz, ölkə rəhbəri tərəfindən də hər zaman əziz tutulur. Şəhid çavuş Timur Əliyevin də igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etmək hər bir azərbaycanlının mənəvi borcudur. Vətən üçün canını fəda edən Timur Əliyev kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq hər kəs üçün örnəkdir. Timur kimi oğullarımız hər an bizim qəlbimizdə yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.


GOYEZEN.AZ



Facebook-da paylaş