Qazaxda daha bir Vətən müharibəsi şəhidinin adını əbədiləşdirəcək bulaq inşa olunur
Qələbə
və Zəfər ili kimi yadda qalan 2020-ci il xalqımızın yaddaşına qızıl hərflərlə
yazıldı. O il ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun xalqımızın 30
illik Qarabağ həsrətinə son qoyduğu, düşmən üzərində qələbə qazanıldığı,
torpaqlarımızın erməni işğalından azad edildiyi, üçrəngli bayrağımızın əvvəlki
kimi Qarabağ torpaqlarında dalğalandığı bir il kimi yaddaşlara əbədi həkk
olundu. 2020-ci ilin 27 sentyabrından başlayan Vətən
müharibəsində, İkinci Qarabağ savaşında əldə etdiyimiz şanlı Qələbə bir daha
sübut etdi ki, Azərbaycan dövləti və ordusu böyük gücə, qüdrətə sahibdir. 44
gün davam edən bu müharibədə ordumuzun əsgər və zabitləri, hərbçiləri böyük
qəhrəmanlıqlar göstərərək torpaqlarımızı erməni işğalından azad etdilər.
Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoydular. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər
bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri,
Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə,
qazilərimizlə fəxr edir, qürur duyur. Ali Baş Komandanın "İrəli!”
əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa
edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, onların ailə
üzvlərinə, sağlamlıqlarını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək
hər birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işi
olmalıdır. Bu gün hər birimiz fəxarətlə
söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş
Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq.
İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan
şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən
qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç
vaxt unudulmayacaq. Vətən
müharibəsində qazanılan Qələbədə, xalqımıza yaşadılan zəfər dolu günlərdə payı
olan igid oğullarımızdan biri də Şəhidlik zirvəsinə yüksəlmiş şəhid leytenant Nəsibov Nicat Qəşəm
oğludur. Bütün şəhidlərimiz kimi igid Vətən oğlu Nicat
Nəsibovun da adı əbədiləşdiriləcək. Doğulduğu Cəfərli kəndində qəhrəman
şəhidimizin adını əbədiləşdirən bulaq inşa olunur. Oxuduğu məktəbin qarşısında
tikilən bulaq şəhdimizin gələcək nəsillərə tanıdılmasında ən böyük töhfə
olacaq. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul
şəxsləri ilə birlikdə bulağın inşa olunduğu ərazidə olub, yerində
baxış keçirib. İgid Vətən oğlunun əziz xatirəsini dərin
ehtiramla yad edən icra başçısı Nicat kimi qəhrəman, cəsur oğullarımızın
daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan
bütün şəhidlərimizin, o cümlədən də Nicatın xatirəsinin daim əziz tutulacağını
bildirib. Şəhidimizin adını daşıyacaq bulağın suyundan içən hər kəsin
şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onun haqqında məlumat əldə
edəcəyini qeyd edib. Tikilən bulağın Nicatın xatirəsini əbədiləşdirməklə
yanaşı, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi istiqamətində atılan
uğurlu addım kimi qiymətləndirib. Leytenant Nəsibov Nicat Qəşəm oğlu 22
yaşında Şəhidlik zirvəsinə ucalan Nicat Nəsibov 1 yanvar 1998-ci ildə Qazax
rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2004-cü ildə Mirvarid Dilbazi adına
Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin
8-ci sinifini bitirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə
daxil olmuş, 2015-ci ildə həmin liseyi bitirmişdir. 2015-ci ildə Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin hərbi məktəbi
bitirib leytenant rütbəsi ilə "N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində
xidmətə başlamışdır. 2020-ci ildə digər "N” saylı hərbi hissəyə təyinat
almışdır. Nicat
Nəsibov "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində hərbi
qayda-qanunlara uyğun şəkildə xidmət aparır, üzərinə düşən işin öhdəsindən
layiqincə gəlirdi. Xidmətini yüksək səviyyədə həyata keçirdiyi üçün 26 avqust
2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi
(1918-2018)" yubiley medalı ilə təltif olunmuşdu. Füzuli-Cəbrayıl
bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərən Nicat Nəsibov
torpaqlarımızın azadlığını canından üstün tutmuşdur. "N” saylı hərbi hissənin
4-cü taborunun 12-ci bölüyü 1-ci tağımının komandiri leytenant Nicat Nəsibov 18.10.2020-ci
il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına
vuruşmuş, aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhid leytenantımız 01.11.2020-ci
il tarixdə doğulduğu Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.
Subay idi. Müzəffər
Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid leytenant Nicat Nəsibov
ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin
azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına
əsasən "İgidliyə
görə”, "Cəbrayılın
azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. GOYEZEN.AZ
Facebook-da paylaş