Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhid çavuş Timur Əliyevin ildönümündə xatirəsi yad edilib
2020-ci ilin 27 sentyabrından başlayan
Vətən müharibəsi! İkinci Qarabağ müharibəsi! O Vətən müharibəsi ki,
torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşımız oldu. Cənab Prezident,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altındaVətəni döyünən ürəyi, üçrəngli bayrağımızı
qürurumuz, and yerimiz bilən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri,
hərbçiləri, igid oğullarımız bu haqq savaşında Qələbə qazanmaq üçün döyüş
meydanına atıldılar. Azərbaycan xalqının 30 illik Vətən, yurd, torpaq həsrətinə
son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdılar. Nankor düşmənlə
yanaşı, bütün dünyaya bir daha sübut etdilər ki, Azərbaycan dövləti güclü
dövlətdir və apardığı savaş haqq savaşıdır. Bəli, bu savaş Ali Baş Komandanın
rəhbərliyi altında ordumuzun gücü, qüdrəti sayəsində bizim şanlı Qələbəmizlə,
Zəfərimizlə başa çatdı. 10 Noyabr yaddaşlara tarixi Qələbənin yazıldığı gün
kimi həkk olundu. Qarabağ adlı zəfərimizin qazanılmasında payı olan, döyüş meydanında
vuruşaraq Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də şəhid çavuş Əliyev
Timur Nurəddin oğludur. Bu gün torpaqlarımızın ərazi bütövlüyü
uğrunda canını fəda edən Timur Əliyevin ildönümü qeyd olunub, şəhidimizin
ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin
məsul şəxsləri, rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan
Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax
rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri,
iştirakçıları, şəhid ailələri,
şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd
sakinləri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Məmməd Alıyev şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini
ehtiramla yad edib, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini
çatdırıb. Birinci müavin qeyd edib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad
etmək hər bir azərbaycanlının mənəvi borcudur. Vətən üçün canını fəda edən
Timur Əliyev kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq hər kəs
üçün örnəkdir. Timur kimi oğullarımız hər an bizim qəlbimizdə yaşayacaq. Xalq,
vətəndaş olaraq tarixi
Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə
borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc dolu
saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və
zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz
şəhidlərimiz heç vaxt unudulmayacaq. Birinci müavin Vətən
müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, Timur Əliyevin də
Azərbaycan xalqının, qazaxlıların qəlbində yaşayacağını, xatirəsinin daim
əziz tutulacağını vurğulayıb. Respublika Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdikləri qayğıdan söz açan birinci müavin həmin qayğının
Qazaxda da hər zaman nümunə götürüldüyünü, rayon rəhbərliyi tərəfindən yüksək
səviyyədə davam etdirildiyini qeyd edib. Şəhid atası Nurəddin Əliyev şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya
görə razılığını bildirərək ölkə Prezidenti İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq edib.
Övladının şəhid olduğu gündən daim yad olunmasını Timurun timsalında bütün
şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Oğlu
Timurla, eləcə də onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini,
qürur duyacağını söyləyib. Çavuş Əliyev Timur Nurəddin oğlu Şəhid
Timur Əliyev 29 may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində
anadan olmuşdur. 1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində 1-ci
sinifə daxil olmuş, 1998-ci ildə həmin şəhərdə 8-ci sinifi bitirmişdir. 1998-ci
ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam
etdirərək 2001-ci ildə 11-ci sinifi bitirmişdir. 2002-ci ildə Azərbaycan
Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, həqiqi hərbi xidməti keçərək
2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən Azərbaycan
Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ)
kimi xidmətdə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir.
Şəhid çavuş Timur Əliyev 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində
torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. Şəhid çavuşumuz 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd
qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Alsu və Leyla adlı iki
azyaşlı qız övladı yadigar qalıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən
döyüşlərdə canlarından keçən bütün şəhidlərimizin xatirəsi dövlətimiz, ölkə rəhbəri
tərəfindən də hər zaman əziz tutulur. Şəhid çavuş Timur Əliyevin də
igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident
İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunmuşdur. GOYEZEN.AZ
Facebook-da paylaş