Qazaxda Vətən müharibəsinin şəhidi çavuş Timur Əliyevin doğum günü ailəsi ilə birlikdə qeyd olunub
2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsi! İkinci Qarabağ
müharibəsi! O Vətən müharibəsi ki, torpaqlarımız uğrunda gedən mənəvi haqq
savaşımız tarixi Qələbə ilə başa çatdı. Cənab Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətəni döyünən
ürəyi, üçrəngli bayrağımızı qürurumuz, and yerimiz bilən şanlı Azərbaycan
Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız bu haqq savaşında
Qələbə qazanaraq Azərbaycan xalqının 30 illik Vətən, yurd, torpaq həsrətinə son
qoydular. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərimizlə bütün
dünyaya bir daha sübut etdilər ki, Azərbaycan dövləti güclü dövlətdir. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla
dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın
adını ucaldan igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla
qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik
zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə
bir ömür boyu minnətdarıq. Qarabağ adlı
zəfərimizin qazanılmasında payı olan, döyüş meydanında vuruşaraq Şəhidlik
zirvəsinə ucalan oğullarımızdan biri də şəhid çavuş Əliyev Timur Nurəddin oğludur. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham
Əliyev tərəfindən ölümündən sonra "Vətən
uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş igid şəhidimizin bu gün doğum günüdür. Vətən
torpaqlarının azadlığını canı, qanı bahasına qoruyaraq Şəhidlik zirvəsinə
ucalmış çavuşumuzun bu gün yaşasaydı 27 yaşı tamam olacaqdı. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə,
onların ailələrinə göstərdikləri diqqət və qayğı Qazaxda da hər zaman örnək
götürülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə və onların
ailələrinə daim qayğı ilə yanaşır. Rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə,
şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, igid Vətən oğullarının əziz xatirələri dərin ehtiramla yad edilir. İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir. Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 27 yaşını qeyd etdiyimiz çavuş Timur Əliyevin də doğum günü unudulmadı. Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd
Xəlilli, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi
Arzu Musayeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları
və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev,
sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax
rayon şöbəsinin sədri Azər Məmmədov, Qazax Mədəniyyət Mərkəzinin əməkdaşları, dostları şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət
edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz
xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidimizin
ruhuna dua oxunduqdan sonra Timur Əliyevin ata ocağına
gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir
diləyiblər. Timur Əliyev kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib,
Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Timurun
xatirəsinin daim əziz tutulacağını bildiriblər. Müavin
Gulaya Həsənova rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək
sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan
rəhmət, ailəsinə səbir diləyib. Respublika Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan
Ordusunun qazandığı tarixi Qələbədən söz açan müavin həmin qələbədə payı olan
Timur kimi qəhrəman oğullarımızı yad etməyin, şəhidlərimizin göstərdikləri igidliyi,
qəhrəmanlığı bugünkü və gələcək nəsillərə nümunə göstərməyin hər birimizin
borcu olduğunu qeyd edib. Timurun, eləcə
də Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını
qeyd edən müavin şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan
sonra da yüksək səviyyədə olacağını söyləyib.
Deputat
köməkçisi Arzu Musayeva çıxış edərək Ülviyyə xanımın səmimi ürək sözlərini çatdırıb,
şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Ölkə Prezidenti cənab
İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid
ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər kəs üçün örnək
olduğunu bildirib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və
qayğının davamı olduğunu qeyd edib. Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri qazi kapitan Samir Çobanov şəhid çavuşumuz haqqında ürək sözlərini bölüşərək Vətən torpaqlarının azadlığını hər şeydən üstün
tutan Timur kimi qəhrəman oğullarımızla hər zaman fəxr etdiyini dilə gətirib.
Bir qazi olaraq şəhidlərimizin, yaralı qazilərimizin ailələrinə göstərilən dövlət
qayğısına görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını
bildirib. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin adlarının əbədiləşdirilməsi
istiqamətində görülən işlərdən söz açan S.Çobanov bunun bariz nümunəsi olaraq Vətən
müharibəsi şəhidlərinin xatirəsinə yazılmış "Qanları ilə dastan yazanlar”
kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda canından keçən 338 nəfər qazaxlı şəhidin xatirəsini əbədiləşdirən
guşənin yaradılmasını nümunə göstərib. Bu istiqamətdə görülən işlərin bundan
sonra da davam etdiriləcəyini vurğulayıb. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, sədr müavini, I
qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev hər
zaman şəhidlərə, onların ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər. Vətəni canı, qanı bahasına göz bəbəyi kimi
qoruyan igid oğullarımızı yad etməyin hər bir vətəndaşın borcu olduğunu qeyd
ediblər. Övladı
haqqında ürək sözlərini bölüşən şəhidimizin atası Nurəddin Əliyev Timurun hər
zaman torpaq, yurd, Vətən sevdalı olduğunu bildirib. Övladının təkcə öz
el-obasının deyil, bütöv Azərbaycanın oğlu, şəhidi olduğunu qeyd edən şəhid
atası bütün şəhidlərimizlə fəxr etdiyini dilə gətirib. Dövlətin, ölkə
başçısının, Birinci vitse-prezidentin, rayon rəhbərliyinin hər zaman qayğısını
hiss etdiklərini bildirən şəhid atası göstərilən qayğıya görə minnətdarlıq edib.
Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Timurun simasında şəhidlərimizə
olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib. Çavuş Əliyev
Timur Nurəddin oğlu Şəhid
Timur Əliyev 29 may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində
anadan olmuşdur. 1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində 1-ci
sinfə daxil olmuş, 1998-ci ildə həmin şəhərdə 8-ci sinfi bitirmişdir. 1998-ci
ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam
etdirərək 2001-ci ildə 11-ci sinfi bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı
Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, həqiqi hərbi xidməti keçərək
2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən Azərbaycan
Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ)
kimi xidmətdə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir.
Şəhid çavuş Timur Əliyev 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində
torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. Şəhid çavuşumuz 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd
qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Alsu və Leyla adlı iki
azyaşlı qız övladı yadigar qalıb.
Torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən bütün şəhidlərimizin
xatirəsi dövlətimiz, ölkə rəhbəri tərəfindən də hər zaman əziz tutulur. Şəhid çavuş Timur
Əliyevin də igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”
medalları ilə təltif olunmuşdur. Vətən
müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etmək hər bir azərbaycanlının
mənəvi borcudur. Vətən üçün canını fəda edən Timur Əliyev kimi igid Vətən
oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq hər kəs üçün örnəkdir. Timur kimi
oğullarımız hər an bizim qəlbimizdə yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun
Şəhidim!.
GOYEZEN.AZ
Facebook-da paylaş