“Biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq”
2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında
tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi hərb tariximizə və
xalqımızın yaddaşına şanlı salnamə kimi yazıldı. Artıq mənfur düşmənimiz üzərində
qazandığımız şanlı Zəfərdən 1 il ötür. 30 ildir ki, məcburi köçkün həyatı
yaşayan soydaşlarımız uzun həsrətdən sonra doğma torpaqlarının işğal günlərini
deyil, düşmən tapdağından azad olunduğu günləri böyük fəxr və qürurla qeyd
edirlər. 17 oktyabr 2020-ci il füzulilərin yaddaşına əbədi
həkk olundu. Çünki həmin gün Füzuli Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında şanlı ordumuz tərəfindən düşmən tapdağından azad edildi. Bu il füzulilər
doğma torpaqlarının azad olunmasını ikiqat sevinclə qeyd etdilər. Müzəffər
ordumuzun qalib Ali Baş Komandanı İlham Əliyevin 2021-ci il oktyabrın 17-də
Füzuli rayonuna səfər etməsi, Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşməsi füzulilərin sevincinə daha bir sevinc qatdı. Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri
ilə olan görüşü zamanı söylədiyi dəyərli fikirlər bir daha onu sübut etdi ki, Füzuli
şəhərinin işğaldan azad olunması strateji əhəmiyyət kəsb edir. Ali Baş Komandanın da çıxışında qeyd etdiyi kimi, bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi
işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra
Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. 17 oktyabr
günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz
oktyabrın 17-də böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Azərbaycan
Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir.
Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti
bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Dövlətimizin başçısı qeyd edib ki, müharibə
zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi. Cəbrayıldan,
Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli işğalçılardan azad
edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin
ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma
buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə
yetirdi. Ölkə başçısının da söylədiyi kimi, Füzuli
şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, şəhərin strateji yerləşməsi
ilə bağlıdır. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra
artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Ermənistan tərəfi
burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə
xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları
yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir.
Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik
halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri
azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi və beləliklə,
müharibənin taleyi həll olundu. Tam əminliklə qeyd edə bilərik ki, ölkə rəhbərinin də vurğuladığı kimi, ordumuzun uğurlu əməliyyatları məhz Füzuli
rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də
Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və
Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Azərbaycanın Zəfər
missiyası məhz Füzuli rayonundan başlamışdır. Ölkə Prezidentinin də söylədiyi kimi, həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara
baxmayaraq, Azərbaycanı heç bir qüvvə dayandıra bilmədi. Ermənistan
ordusu darmadağın oldu, erməni mifologiyasına son qoyuldu, "yenilməz Ermənistan
ordusu” məğlub oldu. Şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi
yaşayacaqdır. 44 gün davam edən haqq savaşımızın, İkinci
Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması təsadüfi deyil. Ali Baş Komandanın da dediyi kimi, Azərbaycan xalqı
yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizə öz töhfəsini
vermişdir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırırdı.
Xalqın əzmkarlığı və həmrəyliyi gücümüzün mənbəyidir. Qarabağı görməyən
cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Xalqımız həmişə Qələbə
arzusu ilə yaşayıb. Əgər xalqımız buna inanmasaydı və dəstək göstərməsəydi
müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. Bu gün işğaldan azad olunmuş ərazilərdə icra
olunan layihələr isə Azərbaycanın potensialının göstəricisidir. Ölkə Prezidenti İlham Əliyev öz çıxışında onu da vurğulayıb ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa
olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Ötən bir
il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülüb. Bu
proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə
işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə
ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Füzuli şəhərinin
baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur
layihələri də məhz Füzulidə başlamışdır. Onu da qeyd etməliyik ki, ötən illər ərzində də
Füzuli rayonunun Azərbaycanda olan hissəsinin inkişafı ilə bağlı genişmiqyaslı
işlər aparılırdı. İşğal dövründə Füzuli
rayonunun azad olan ərazilərində 12 dəfə olmuş Prezident İlham Əliyev bütün bərpa-quruculuq
işlərinə şəxsən nəzarət edirdi. Rayonun inkişafı ilə bağlı çox böyük işlər
görüldü. Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun
qeyri-rəsmi mərkəzi müəyyən edildi. Böyük sosial infrastruktur layihələri icra
edildi - 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq
Muzeyi, Muğam Mərkəzi tikildi. Fərdi evlərin bərpası işləri görüldü. Bu gün Füzulidə icra olunan layihələr
Azərbaycanın potensialını göstərir. Dövlət başçısının da söylədiyi kimi,
cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya
praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq
hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib.
Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyulmuşdur.
Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi
davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər
gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən
qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər.
Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır. "Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində
böyük yaşayış məntəqəsi salınacaq. Görülən
bütün işlərin bir məqsədi var: keçmiş köçkünlərin tezliklə öz doğma
torpaqlarına qaytarılması. Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq
edildi, təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihə gələn ilin sonuna qədər
keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi
nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu,
Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır. Bu gün fəxrlə deyə bilərik ki, Füzuliyə
həyat qayıdır. Ölkə başçısının da dediyi kimi, Füzuli şəhərinin baş
planının layihəsi hazırlanıb. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub.
Maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək.
Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bütün görülən
işlər heç kimdən asılı olmayaraq, dövlətin vəsaiti hesabına reallaşdırılır. Dövlətimizin başçısı erməni vandalizmindən də danışıb. Qeyd edib ki, dağıdılmış ərazilər erməni vəhşiliyinin təzahürdür.Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur,
bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib.
Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və
bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə
buraya heç kimi buraxmırdılar, hətta beynəlxalq təşkilatların nümayəndələrini də
buraxmırdılar. Artıq minlərlə insan, həm Füzuli sakinləri, eyni zamanda, xarici
diplomatlar, siyasətçilər, jurnalistlər azad edilmiş torpaqlara gəlib və erməni
vəhşiliyini öz gözləri ilə görürlər. Dövlətimizin başçısı çıxışında Azərbaycan
iqtisadiyyatının pandemiya böhranından sonra dirçəlməsindən də danışıb.
Bildirib ki, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5
faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb.
Bütün bu bərpa işləri böyük vəsait tələb edir. Azərbaycan heç kimdən heç bir
yardım almayıb və almayacaq. Bütün planlarımız maksimum qısa müddət ərzində həyatda
öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən
gözəl yerlərindən birinə çevriləcəkdir. Bu gün qalib ölkənin vətəndaşı olaraq əldə etdiyimiz tarixi Zəfər, bu Zəfərin
əldə edilməsinə qədər ölkəmizin başına gətirilən müsibətlər, ən əsası da tarixi həqiqətlər təhrif olunmadan gələcək nəsillərə
çatdırılmalıdır. Hər kəsə yaxşı məlumdur ki, otuz il əvvəl
oktyabrın 18-də Azərbaycan dövləti öz müstəqilliyini elan etmişdir. Prezident İlham Əliyev çıxışı zamanı onun təşəbbüsü
ilə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisinin düzəlişlər etdiyini
bildirib. Ölkə rəhbəri qeyd edib ki, əsas müstəqillik bayramı 28 May günüdür,
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Haqlı olaraq fəxr edirik ki,
müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən
yaradılmışdır. Bu gün Azərbaycan müstəqil ölkə olaraq Xalq Cümhuriyyətinin
varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər
məhz bu uyğunsuzluğa son qoydu. Bu gün Azərbaycan qalib ölkə olaraq ermənilərdən fərqli olaraq heç bir mifologiya yaratmamalıdır. Ölkə
rəhbərinin də vurğuladığı kimi, tarixə ədalətli yanaşmalıyıq. Tarixi olduğu
kimi bilməliyik və qiymət verməliyik. Çünki 1991-ci ilin oktyabrında bir çox
keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir.
Birinci keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini Litva
elan etmişdir – 11 mart 1991-ci ildə. Ondan sonra Gürcüstan – 9 aprel 1991-ci
il, Latviya – 4 may, Belarus – 27 iyul, Estoniya – 20 avqust, Ukrayna – 24
avqust, Moldova – 27 avqust, Qırğızıstan – 31 avqust, Özbəkistan – 1 sentyabr,
Tacikistan – 9 sentyabr, Ermənistan – 21 sentyabr, Türkmənistan – 27 sentyabr,
Azərbaycan – 18 oktyabr. Ona görə, 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək,
yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü
ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi,
"Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar
Respublikası adlandırıldı. Gələcəkdə düzgün
addımların atılması üçün gənc nəsil bu həqiqətləri tanımalıdır. 1990-cı il
noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti
qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin.
Ancaq bu edilmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində
keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda o
vaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq referendumun nəticələrini
saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi. Bəli,
bu gün Azərbaycan həm müstəqil, həm də qalib dövlətdir. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gündə tarixi Qələbə, böyük Zəfər əldə
edən ölkədir. Bu, hər bir azərbaycanlı üçün qürurvericidir. Xalq, vətəndaş
olaraq bizlər də əldə etdiyimiz şanlı Zəfərə, tarixi Qələbəyə görə müstəqil
dövlətin qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, şanlı Azərbaycan
Ordusuna, Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə,
sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq! GOYEZEN.AZ
Facebook-da paylaş















