Qazaxda “Humanizm və ümumbəşəri dəyərləri yaşadan fəaliyyət” mövzusunda videokonfrans keçirilib
Avqustun 25-də Qazax
Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı
ilə "Humanizm və ümumbəşəri dəyərləri yaşadan fəaliyyət” mövzusunda videokonfrans
keçirilib. Zoom platforması
üzərindən keçirilən videokonfransda Qazax Rayon
İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan
Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax
Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, məktəb direktorları, müəllimlər, mədəniyyət
işçiləri, digər idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Videokonfransda Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr
müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO- nun xoşməramlı səfiri,
xeyirxahlıq və humanizm simvolu Mehriban Əliyevanın xalqın rifahı və dövlətin
inkişafı istiqamətində çoxşaxəli fəaliyyətindən söhbət açılıb.
Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Gulaya Həsənova videokonfransı giriş sözü ilə açaraq tədbir
iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. G.Həsənova
avqustun 26-da doğum gününü qeyd edən Mehriban xanım Əliyevanı ziyalılar və tədbir
iştirakçıları adından təbrik edib, ünvanına səmimi ürək sözlərini çatdırıb. G.Həsənova
bildirib ki, Mehriban xanım yüksək mənəvi məsuliyyət hissi ilə öz zərif çiyinlərində
tarixi missiya daşımaqla xalqına, dövlətinə şərəflə, əzmlə xidmət göstərir.
Müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi,
cəmiyyətin ictimai-siyasi, mədəni həyatında və idarəetmə sistemində fəal
mövqeyi ilə Mehriban Əliyeva müasir
tariximizdə Azərbaycan qadınının daha fərqli, daha mükəmməl obrazını
yaratmışdır. Bu gün Mehriban Əliyeva müasir Azərbaycanın ictimai-siyasi həyatında
yaxından iştirak etmək, ölkənin müstəqilliyinə və tərəqqisinə müstəsna töhfələr
vermək kimi tarixi missiyanı layiqincə həyata keçirir. Müavin Azərbaycanın Zəfəri və gələcək böyük uğurları
naminə Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci
vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata
keçirilməsində böyük əməyi olduğunu qeyd edib. Birinci vitse-prezident kimi fəaliyyəti
dövründə Mehriban xanım Əliyevanın qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi,
böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində
qadın hərəkatının yeni bir səhifəsini açdığını, idarəetmədə qadınların rolunun
artmasına səbəb olduğunu bildirib. Mehriban xanımın çoxşaxəli fəaliyyətindən
söz açan müavin onun gördüyü işlərin maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin
təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət
məkanını əhatə etdiyini vurğulayıb. Mehriban xanımın təşəbbüsü ilə həyata
keçirilən tədbirlərin təkcə Azərbaycanla məhdudlaşmadığını, eyni zamanda sülh və
sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq
mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri
də əhatə etdiyini diqqətə çatdırıb. Müavin qeyd edib ki, fəxrlə deyə bilərik
ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı,
sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim
etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.
Mehriban xanımın ölkəmizdə təhsilin
inkişafına olan qayğısından danışan müavin bunun bariz nümunəsi olaraq həyata
keçirilən genişmiqyaslı işləri, layihələri, tədbirləri nəzərə çatdırıb. Mehriban xanım Əliyevanın 2004-cü ildən rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə
və proqramlara start verildiyini, onların arasında "Yeniləşən Azərbaycana yeni
məktəb” proqramının xüsusi yer tutduğunu söyləyib. Qeyd edib ki, məhz bu
proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir
olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla
yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində "Yeniləşən Azərbaycana
yeni məktəb” proqramı ilə yanaşı, "İnternat məktəblərinin inkişaf proqramı”, "Təhsilə
dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin
reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın
ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə
cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev
Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və
Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa
və əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Müasir tipli məktəblərin
inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin
yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil
məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında
Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur. Müavin G.Həsənova bildirib ki, bu gün təqdirəlayiq haldır
ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdikləri
qayğı Qazaxda da yüksək səviyyədə
hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani
göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin
və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan
"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən
il Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını
daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə
yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil
Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb
üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə
başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri
üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4
avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan
yüksək diqqət və qayğısının bariz nümunəsidir. Dövlət Proqramında tikintisi nəzərdə
tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd
tam orta məktəbidir ki, hazırda bu məktəb üçün Heydər
Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220
şagird yerlik yeni bina inşa olunur. Demək olar ki, məktəbdə son
tamamlanma işləri aparılır. Mehriban xanım
Əliyevanın mədəniyyətimizə, ədəbiyyatımıza, saz, söz adamlarına verdiyi yüksək
qiymətdən, dəyərdən danışan G.Həsənova həmin diqqət və qayğının qazaxlı
ziyalılarımızın timsalında da şahidi olduğumuzu qeyd edib. Bildirib ki, dövlət
başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın görkəmli Xalq şairi,
dramaturq, publisist Vaqif Səmədoğlunun 80 illik yubileyinin yüksək
səviyyədə qeyd edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr bunun bariz
nümunəsidir. Heydər Əliyev Fondu və şəxsən Mehriban xanım Əliyeva tərəfindən
Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə 22 iyun 2019-cu il
tarixdə Qazaxda şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında
Vaqif Səmədoğlunun büstünün qoyulması Xalq şairinin şəxsiyyətinə, yaradıcılığına verilən ən böyük dəyər, qiymətdir.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə xeyli sayda əhəmiyyətli layihələr həyata keçirilib. Bütün bu layihələr
xalqın və dövlətçiliyin mənafeyinə xidmət edib. Onun müəllifi olduğu layihələrin
əsasında insan amili, cəmiyyətdən və əhalidən gələn sosial sifarişlər dayanır.
Mehriban xanımın təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr
uğurla həyata keçirilir. Bütün fəaliyyəti boyu Heydər Əliyev ideyalarına əsaslanaraq
Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə, ölkənin
ictimai həyatının bütün sahələrində əhəmiyyətli təşəbbüslər irəli sürərək mühüm
işlərə imza atıb. Videokonfrans iştirakçılarından Azərbaycan Respublikası Milli Məclisinin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd
Seyidovun köməkçisi Akif Əmirov, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin
direktoru Murğuz Mustafayev, direktor müavini Könül Kərimova, Qazax Tarix-Diyarşünaslıq
Muzeyinin direktoru Gülnaz Alişanova, Şəmistan Şahvələdov adına Xanlıqlar kənd
tam orta məktəbin direktor əvəzi Şükufə Məhərrəmova, Gənclərin İnkişaf və Karyera
Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, Vətən müharibəsi
şəhidi Rövşən Pənahovun atası, Birinci Şıxlı kənd ümumi orta məktəbin direktoru
Mahmud Pənahov, Daş Salahlı kənd 1 nömrəli kitabxananın multimedia mütəxəssisi
Hicranə Məmmədova, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib
Namazov, Emin
Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin direktor əvəzi Gülnar Osmanova, Səlim Əfəndiyev
adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin direktor əvəzi Rəna Qocayeva çıxış edərək Mehriban xanım Əliyevanın doğum günü münasibətilə səmimi təbriklərini
çatdırıblar. Mehriban xanımın Vətənə sadaqət, milli dəyərlərə hörmət və uğurlu
fəaliyyəti haqqında öz ürək sözlərini bildiriblər. Çıxışlarda ümumi fikir ifadə
olunub ki, ölkənin Birinci xanımı Mehriban Əliyeva Prezident İlham Əliyevin ən
yaxın silahdaşı olaraq sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində
böyük xidmətlər göstərir, qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi,
böyük humanizm və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın
hərəkatının yeni bir səhifəsini açır.
GOYEZEN.AZ
Facebook-da paylaş