Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda “Humanizm və ümumbəşəri dəyərləri yaşadan fəaliyyət” mövzusunda videokonfrans keçirilib

Qazaxda “Humanizm və ümumbəşəri dəyərləri yaşadan fəaliyyət” mövzusunda videokonfrans keçirilib


25-08-2021, 21:12


Avqustun 25-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Humanizm və ümumbəşəri dəyərləri yaşadan fəaliyyət” mövzusunda videokonfrans keçirilib.

Zoom platforması üzərindən keçirilən videokonfransda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya HəsənovaAzərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, məktəb direktorları, müəllimlər, mədəniyyət işçiləri, digər idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Videokonfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO- nun xoşməramlı səfiri, xeyirxahlıq və humanizm simvolu Mehriban Əliyevanın xalqın rifahı və dövlətin inkişafı istiqamətində çoxşaxəli fəaliyyətindən söhbət açılıb.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova videokonfransı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. G.Həsənova avqustun 26-da doğum gününü qeyd edən Mehriban xanım Əliyevanı ziyalılar və tədbir iştirakçıları adından təbrik edib, ünvanına səmimi ürək sözlərini çatdırıb. G.Həsənova bildirib ki, Mehriban xanım yüksək mənəvi məsuliyyət hissi ilə öz zərif çiyinlərində tarixi missiya daşımaqla xalqına, dövlətinə şərəflə, əzmlə xidmət göstərir. Müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi, cəmiyyətin ictimai-siyasi, mədəni həyatında və idarəetmə sistemində fəal mövqeyi ilə  Mehriban Əliyeva müasir tariximizdə Azərbaycan qadınının daha fərqli, daha mükəmməl obrazını yaratmışdır. Bu gün Mehriban Əliyeva müasir Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmək, ölkənin müstəqilliyinə və tərəqqisinə müstəsna töhfələr vermək kimi tarixi missiyanı layiqincə həyata keçirir. Müavin Azərbaycanın Zəfəri və gələcək böyük uğurları naminə Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi olduğunu qeyd edib. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyevanın qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açdığını, idarəetmədə qadınların rolunun artmasına səbəb olduğunu bildirib. Mehriban xanımın çoxşaxəli fəaliyyətindən söz açan müavin onun gördüyü işlərin maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə etdiyini vurğulayıb. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlərin təkcə Azərbaycanla məhdudlaşmadığını, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə etdiyini diqqətə çatdırıb. Müavin qeyd edib ki, fəxrlə deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

 

Mehriban xanımın ölkəmizdə təhsilin inkişafına olan qayğısından danışan müavin bunun bariz nümunəsi olaraq həyata keçirilən genişmiqyaslı işləri, layihələri, tədbirləri nəzərə çatdırıb. Mehriban xanım Əliyevanın 2004-cü ildən rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verildiyini, onların arasında "Yeniləşən Azərbaycana yeni məktəb” proqramının xüsusi yer tutduğunu söyləyib. Qeyd edib ki, məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, "İnternat məktəblərinin inkişaf proqramı”, "Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur.

Müavin G.Həsənova bildirib ki, bu gün təqdirəlayiq haldır ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısının bariz nümunəsidir. Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir ki, hazırda bu məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Demək olar ki, məktəbdə son tamamlanma işləri aparılır.

Mehriban xanım Əliyevanın mədəniyyətimizə, ədəbiyyatımıza, saz, söz adamlarına verdiyi yüksək qiymətdən, dəyərdən danışan G.Həsənova həmin diqqət və qayğının qazaxlı ziyalılarımızın timsalında da şahidi olduğumuzu qeyd edib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın görkəmli Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlunun 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr bunun bariz nümunəsidir. Heydər Əliyev Fondu və şəxsən Mehriban xanım Əliyeva tərəfindən Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə 22 iyun 2019-cu il tarixdə Qazaxda şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstünün qoyulması Xalq şairinin şəxsiyyətinə, yaradıcılığına verilən ən böyük dəyər, qiymətdir.

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xeyli sayda əhəmiyyətli layihələr həyata keçirilib. Bütün bu layihələr xalqın və dövlətçiliyin mənafeyinə xidmət edib. Onun müəllifi olduğu layihələrin əsasında insan amili, cəmiyyətdən və əhalidən gələn sosial sifarişlər dayanır. Mehriban xanımın təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr uğurla həyata keçirilir. Bütün fəaliyyəti boyu Heydər Əliyev ideyalarına əsaslanaraq Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə, ölkənin ictimai həyatının bütün sahələrində əhəmiyyətli təşəbbüslər irəli sürərək mühüm işlərə imza atıb.

Videokonfrans iştirakçılarından Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev, direktor müavini Könül Kərimova, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin direktor əvəzi Şükufə Məhərrəmova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, Vətən müharibəsi şəhidi Rövşən Pənahovun atası, Birinci Şıxlı kənd ümumi orta məktəbin direktoru Mahmud Pənahov, Daş Salahlı kənd 1 nömrəli kitabxananın multimedia mütəxəssisi Hicranə Məmmədova, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin direktor əvəzi Gülnar Osmanova, Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin direktor əvəzi Rəna Qocayeva çıxış edərək Mehriban xanım Əliyevanın doğum günü münasibətilə səmimi təbriklərini çatdırıblar. Mehriban xanımın Vətənə sadaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyəti haqqında öz ürək sözlərini bildiriblər. Çıxışlarda ümumi fikir ifadə olunub ki, ölkənin Birinci xanımı Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük xidmətlər göstərir, qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizm və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açır.

 





 



 

GOYEZEN.AZ


Geri qayıt