Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədovun doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib
Şəhidlərimizi tanıyaq və tanıdaq------------------------------------
Yola saldığımız 2020-ci il Azərbaycan xalqının yaddaşına Qələbə ili kimi əbədi həkk olundu. Ötən ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsinin illərdir arzusunda olduğumuz böyük Zəfərlə başa çatdırılması dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərinin döyüş əzmini, gücünü göstərdi. Düşmənlə yanaşı, bütün dünya bir daha anladı və dərk etdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var.
Respublikamızın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından canı bahasına azad edən və Şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də şəhid kəşfiyyatçı kiçik çavuş Məmmədov Əhməd Nazim oğludur.
Bu gün yaşasaydı 27 yaşını qeyd edəcəkdi qəhrəman Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Əhməd Məmmədovun doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edir.
Heç kəsə sirr deyil ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da örnək götürülür. Bu amili hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, əziz xatirələrini ehtiramla anır.
Ənənəsinə sadiq qalan rayon rəhbəri bu gün Vətən müharibəsi şəhidi Əhməd Məmmədovun da cənnətdəki ilk doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Gülnar Quluyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, vaxtilə təhsil aldığı Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin direktoru Ramin Həsənov, sinif rəhbəri Vüqar Məmmədov ilə birlikdə şəhidimizin dəfn olunduğu Fərəhli kənd qəbiristanlığında məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.
İgid Vətən oğlunun ruhuna dua oxunduqdan sonra rayon rəhbəri və qonaqlar şəhidimizin ata ocağında olub, torpaq uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan rayon rəhbəri həmin zəfərdə payı olan Əhməd kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.
"Bu gün Əhmədin doğum gününü onsuz qeyd etsək də, o, daim bizim qəlbimizdə yaşayır. 26 yaşında Şəhidlik zirvəsinə ucalan Əhməd qısa ömrünə yüz illərin qəhrəmanlıq dastanını sığdırdı. Əhmədin igidliyi, qəhrəmanlığı nəinki indiki, eləcə də gələcək nəsillərə örnəkdir”, - deyən rayon rəhbəri Əhməd tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə hər zaman qürur duyulacağını vurğulayıb.
"Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı hər bir dövlət məmuru, eləcə də hər kəs üçün örnək olmalıdır”, - deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz həmin dövlət qayğısının dayandığını qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını söyləyib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd edib.
Şəhidimizin məktəb illərindən söhbət açan sinif rəhbəri Vüqar Məmmədov şagirdi olmuş Əhməd Məmmədovla qürur duyduğunu bildirib. Qəhrəman şəhidimiz haqqında xatirələrini bölüşən Vüqar müəllim qeyd edir ki:
- Əhməd məktəbdə tərbiyəsi, əxlaqı, öz səliqə-sahmanı ilə seçilən bir şagird olub. Məktəbdə öz həmyaşıdlarından həmişə vətənpərvərliyi ilə seçilib. Vətənə olan sevgisi onu ən uca zirvəyə yüksəltdi. Bu gün Əhməd bizim aramızda olmasa da onun əziz xatirəsi daim bizim qəlbimizdə əbədi yaşayır. Sinif rəhbəri kimi belə igid bir şagirdim olduğu üçün fəxr edirəm və bu gün dərs dediyim şagirdlərimə də Əhmədin qəhrəmanlığını qürurla çatdırıram. Əhməd kimi qəhrəman oğullarımızın döyüş meydanında göstərdikləri şücaəti gələcək nəsillərə çatdırmaq bir müəllim kimi, eyni zamanda bir vətəndaş olaraq borcumdur. Bundan sonra da çalışacağıq ki, şəhidlərimizi gələcək nəsillərə tanıtdıraq.
Şəhid atası Nazim Məmmədov hər zaman onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Əhmədin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib.
Şəhid kiçik çavuş Məmmədov Əhməd Nazim oğlu
Şəhid Əhməd Məmmədov 25 avqust 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2009-cu ildə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin 10-cu sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2012-ci ildəAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış,2014-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. Həqiqi hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətini davam etdirmişdir. Kiçik çavuş rütbəsinə qədər yüksəlmişdir.
Kəşfiyyatçı kiçik çavuş Əhməd Məmmədovun döyüş yolu Cəbrayıldan başlayıb. Cəsurluğu, mübarizliyi ilə fərqlənərək həmişə öndə olub, Şuşanın azad olunmasına qədər gedən qanlı savaşda şərəfli bir döyüş yolu keçib. Kəşfiyyatçı Əhməd Məmmədov 08.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 11 noyabr 2020-ci il tarixdə doğulub boya-başa çatdığı Qazax rayonunun Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Əhməd Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Əhməd Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Əhməd Məmmədov kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.
GOYEZEN.AZ
Facebook-da paylaş