Bağanıs Ayrım kənd sakinləri tərəfindən qaldırılan məsələ artıq müsbət həll olunub
Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti
İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinin əsasını vətəndaş amili
təşkil edir. Həyata keçirilən tədbirlər, atılan bütün addımlar bir məqsədə
xidmət edir ki, bunun da arxasında vətəndaş məmnunluğu dayanır. Qazaxda da vətəndaş mövqeyi hər zaman əsas götürülür.
Rayonda şəhid ailələri, Qarabağ
müharibəsi əlilləri və veteranları ilə yanaşı, məcburi köçkün ailələri də daim
diqqət mərkəzində saxlanılır. Onları narahat edən məsələlərə hər zaman qayğı
ilə yanaşılır, ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata
keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən olduğu kimi icra edilir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk
gündən düşmən işğalına məruz qalan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı
Əskipara və Aşağı Əskipara kənd sakinləri ilə mütəmadi olaraq görüşməsi,onlar tərəfindən qaldırılan
hər bir məsələyə qayğı ilə yanaşması bunun bariz nümunəsidir.
İyunun 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə
orqanlarının rəhbərləri, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi
layihəsinin layihə rəhbəri Sədi Namazov, layihə rəhbərinin köməkçisi
Azər Salmanov, layihə üzrə sahə rəisi Toğrul Nərimanov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal
sahəsinin rəisi Alı Hüseynovla birlikdə Bağanıs Ayrım kəndindən məcburi köçkün olan Şəhidlər Xiyabanı 27 saylı binada yaşayan sakinlərlə
görüşməsi, kənd sakinlərinin binadaxili su və kanalizasiya xətlərinin çəkilməsi
ilə bağlı müraciətlərini dinləməsi barədə məlumat vermişdik. Görüş zamanı sakinlərin müraciətinə həssaslıqla
yanaşılması, həlli istiqamətində lazımi addımlar atılması barədə aidiyyatı üzrə
müvafiq tapşırıqlar verilmişdi. Artıq sakinlərin qaldırdığı məsələ öz müsbət
həllini tapıb. Belə ki, məcburi köçkünlərin müraciəti nəzərə alınaraq binadaxili
su və kanalizasiya xətləri çəkilir, sayğaclar quraşdırılır.
Bu gün rayon
rəhbəri Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi
layihəsinin sahə rəisi Toğrul Nərimanovla birlikdə məcburi köçkünlərin məskunlaşdığı
həmin binada olub, görülən işlərlə maraqlanıb. Binada
məskunlaşan sakinlər onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham
Əliyevə və rayon rəhbərliyinə məcburi köçkün ailələri adından
minnətdarlıqlarını bildiriblər. Son illər cənab Prezident İlham Əliyevin
rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə aparılan abadlıq və
quruculuq işlərinin Qazaxda da geniş vüsət aldığını vurğulayıblar. Bunun bariz
nümunəsi olaraq yaşadıqları binanın əsaslı şəkildə təmir olunmasını
göstəriblər. Binanın dam örtüyünün dəyişdirilməsini, bloklarının təmir
olunmasını, blokların giriş hissəsinə dəmir qapıların qoyulmasını, təmirə
ehtiyacı olan köhnə pəncərələrin yeni plastik pəncərələrlə əvəzlənməsini, bundan
əlavə, binalarla yanaşı həyətdə olan qarajların da dam örtüklərinin dəyişdirilməsini
və digər abadlıq işlərini bu gün də minnətdarlıq hissi ilə qarşıladıqlarını
qeyd ediblər. Müraciətlərinin nəzərə alınaraq müsbət həll
olunmasını dövlət tərəfindən məcburi köçkün ailələrinə olan qayğının davamı
kimi qiymətləndiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş