• Təqvim

  • Maraq



Qazaxda səhiyyə sistemi diqqət mərkəzindədir

Respublika mətbuatı Qazax haqqında


Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Cərrahiyyə şöbəsində olub, tibb işçilərinin, həkimlərin qayğıları ilə maraqlanıb. Şöbədəki mövcud vəziyyətlə tanış olan rayon rəhbərliyi bir sıra işlərin görülməsi istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verib.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından söz açan icra başçısı bunun bariz nümunəsi olaraq bu il martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib.

İcra başçısı koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən təxirəsalınmaz tədbirlərdən də danışıb. Respublika Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən bütün işlərin məhz vətəndaşların sağlamlığının qorunmasına yönəldiyini vurğulayıb. İcra başçısı bildirib ki, istər ölkə rəhbəri İlham Əliyevin, istərsə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaq.

"Biz yaxşı bilirik ki, pandemiya dövründə bu virusla mübarizədə "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Yoluxucu xəstəliklər şöbəsində, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan həkimlərimizlə yanaşı, COVID-19-la mübarizədə bütün həkimlərimiz böyük əzmkarlıq, əsl dəyanət nümayiş etdirirlər”, - deyən icra başçısı onların əziyyətini yüksək qiymətləndirib. Rayon rəhbəri dövlətimizin, ölkə başçısının qayğısı, həkimlərimizin, tibb işçilərimizin əzmkarlığı sayəsində ölkəmizdə bu bəlanın tez bir zamanda aradan qalxacağını qeyd edib və koronavirusla mübarizədə gərgin əmək sərf edən tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb.

İcra başçısı koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunmasının və tibbi maskadan istifadənin zəruri olduğunu, eləcə də gigiyenik qaydalara düzgün riayət olunmasının vacibliyini də bir daha vurğulayıb. Bu qaydalara həkimlər başda olmaqla bütün tibb işçilərinin, həmçinin vətəndaşların birmənalı şəkildə əməl etməsini bildirib. Həkimlərə, tibb işçilərinə tibbi maskadan istifadə etməklə xəstəxanalara müraciət edən vətəndaşlara nümunə olmaları ilə yanaşı, sakinləri bu sahədə maarifləndirməyi də tövsiyə edib. Dövlət başçısının bütün sahələrdə şəffaflığın təmin olunması, xüsusilə də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə sahəsində məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələrin son illər Qazax rayonunda da birmənalı şəkildə icra olunduğunu bildirib. Bu sahənin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Son günlər "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Doğum evində baş verən xoşagəlməz neqativ halların yolverilməz olduğunu, rayonda səhiyyə sahəsində olan şəffaflığa kölgə saldığını vurğulayıb. Rəcəb Babaşov bu cür halların hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən də daim nəzarətdə saxlanıldığını və lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Cərahiyyə şöbəsində cərrah-həkim Binyamin Abbasəliyev səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdikləri kollektivlər adından təşəkkürlərini çatdırıblar. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq ediblər. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

29 iyul 2020-ci il



Facebook-da paylaş