• Təqvim

  • Maraq



İcra başçısı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə daim atəş altında olan sərhəd kəndlərində olub


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Prokuroru Rauf Gözəlov və Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə daim atəş altında olan Quşçu Ayrım, Məzəm, Fərəhli, CəfərliBala Cəfərli kəndlərində yaşayan bir qrup kənd ağsaqqalı ilə görüşüb.

"Sərhəddə yaşayan sakinlər hər cür diqqət və qayğıya layiqdir. Düşmən gülləsinin qabağında mətin dayanan, öz ata-baba yurdlarını bir an olsun belə tərk etməyən bu cür insanlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun borcudur”, - deyən rayon rəhbəri hər zaman onların yanında olduğunu bildirib. İcra başçısı qeyd edib ki, bu gün necə ki, Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Barxudarlı, Sofulu, Xeyrımlı, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan məcburi köçkünlərimizin qayğılarını diqqət mərkəzində saxlayırıq, eləcə də sərhəd kəndlərində yaşayan insanlarımıza da o cür qayğı ilə yanaşırıq. İcra başçısı bu gün sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm, Fərəhli, CəfərliBala Cəfərli kəndlərində yaşayan sakinlərin hər zaman qayğı ilə əhatə olunduqlarını vurğulayıb.

Ölkə başçısı cənab İlham Əliyevin istər məcburi köçkün ailələrinə, istərsə də sərhəddə yaşayan insanlara göstərdiyi diqqət və qayğıdan söz açan rayon rəhbəri bu amilin Qazaxda da icra olunduğunu bildirib. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərini daim diqqətdə saxladığını, sakinlərlə mütəmadi olaraq görüşdüyünü diqqətə çatdırıb.

Kənd ağsaqqalları ilə səmimi söhbət edən icra başçısı iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək cəhdinin qarşısının uğurlu əməliyyat nəticəsində müvəffəqiyyətlə alındığını da bildirib. Azərbaycanın igid, mərd oğullarının düşmənə layiqli cavabını verməklə bu xalqın hər zaman vətənpərvər olduğunu bir daha nümayiş etdirdiklərini qeyd edib. Rayon rəhbəri Tovuzda Vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərin hər birimizin əzizi olduğunu bir daha diqqətə çatdırıb. Qəhrəmancasına şəhid olan bütün Vətən oğullarına Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.

Rayon rəhbəri bu gün Ali Baş Komandan İlham Əliyevin "İrəli” əmrinə hazır olan Silahlı Qüvvələrimizin torpaqlarımızı, xüsusilə də sərhədlərimizi layiqincə qoruduğunu, sakinlərin təhlükəsizliyinin tam təmin olunduğunu qeyd edib.

İcra başçısı ölkəmizdəki belə həssas bir vaxtda yayılan dezinformasiyalara birmənalı şəkildə inanmamağı bildirib. Həqiqəti əks etdirməyən məlumatların paylaşılmasında, xüsusilə də hərbi texnika və canlı qüvvələrimiz barədə olan məlumatlarda daha diqqətli olmalarını tövsiyə edib. Bu cür məlumatların istər sosial şəbəkələrdə paylaşılmasının, istərsə də telefonda danışılmasının düşmən kəşfiyyatı tərəfindən ölkəmizə qarşı istifadə oluna biləcəyini diqqətə çatdırıb.

Quşçu Ayrım kənd sakinlərindən Misir Dünyamalıyev, Aslan Pirvəliyev, Lətif Dünyamalıyev, Məzəm kənd sakinlərindən şəhid anası Tamella Süleymanova, Bəhruz Süleymanov, Süleyman Süleymanov, Cəfərli kənd sakini Seyfəddin Vəliyev, Bala Cəfərli kənd sakinlərindən Ceyhun Rəhimov və İradə Mehdiyeva çıxış edərək ürək sözlərini bildiriblər. "Bu gün biz əminik ki, dövlətimiz, ölkə rəhbərimiz bizim arxamızdadır. Ən əsası da düşmənin bir gülləsinə 5 güllə ilə cavab verməyi, düşmənin hər bir həmləsini dəf etməyi bacaran bu cür ordumuz, sərhədçilərimiz var”, - deyən sakinlər dünən Tovuzun Ağdam kəndində gedən döyüş zamanı bunun bir daha şahidi olduqlarını bildiriblər. Əsgər və zabitlərimizlə fəxr etdiklərini, şəhidlərimizin ruhu qarşısında baş əydiklərini, onların hər zaman qəlblərdə yaşayacağını söyləyiblər. Çıxış edənlər bildiriblər ki, 1990-cı ildə ordumuzun yeni formalaşdığı bir vaxtda kəndimizi tərk etmədik, bir an olsun belə düşmən gülləsindən çəkinmədik. Bu gün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən güclü ordumuz varsa, düşməndən heç qorxmuruq. Biz ordumuza arxalanaraq düşmənlə üz-üzə mətin dayanmışıq. İşğalda olan kəndlərimizi, torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandanın "İrəli” əmrini gözləyən əsgərlərimizin yanında olmağa da hər an hazırıq.

Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri onların qayğıları ilə də maraqlanıb və sərhəddə yaşayan sakinlərin bundan sonra da diqqət mərkəzində olacağını bildirib.

Quşçu Ayrım kəndi



 Məzəm kəndi




 Cəfərli kəndi



 Bala Cəfərli kəndi



GOYEZEN.AZ



Facebook-da paylaş