• Təqvim

  • Maraq



İcra başçısı düşmən tərəfindən atəşə tutulan Abbasbəyli kəndində olub


Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təxribatları davam edir. Mayın 13-də saat 12:00 radələrindən başlamaqla Qazax rayonunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntə­qələ­rimiz, həmin istiqamətdə avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri ER-nın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerlə­şən Ermənistan Silahlı Qüvvələrinin bölmə­ləri tə­rə­fin­dən iri çaplı silah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, bir neçə yaşayış evinin damına zərər dəyib. Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra aparatının məsul şəxsləri ilə birlikdə dünən düşmən tərəfindən atəşə tutulan Abbasbəyli kəndində olub. Yaşayış evinin damına zərər dəymiş kənd sakini Kərimov Kərim Əşrəf oğlunun evində olaraq onunla görüşüb.

"Sərhəddə yaşayan sakinlər hər cür diqqət və qayğıya layiqdir. Düşmən gülləsinin qabağında mətin dayanan, öz ata-baba yurdlarını bir an olsun belə tərk etməyən bu cür insanlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun borcudur”, - deyən rayon rəhbəri hər zaman onların yanında olduğunu bildirib. İcra başçısı qeyd edib ki, bu gün necə ki, Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Barxudarlı, Sofulu, Xeyrımlı, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan məcburi köçkünlərimizin qayğılarını diqqət mərkəzində saxlayırıq, eləcə də sərhəddə yerləşən kəndlərdə yaşayan insanlarımıza da o cür qayğı ilə yanaşırıq. İcra başçısı bu gün rayonda sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Alpout, Abbasbəyli kəndlərində yaşayan sakinlərin hər zaman qayğı ilə əhatə olunduqlarını vurğulayıb.

Ölkə başçısı cənab İlham Əliyevin istər məcburi köçkün ailələrinə, istərsə də sərhəddə yaşayan insanlara göstərdiyi diqqət və qayğıdan söz açan rayon rəhbəri bu amilin Qazaxda da olduğu kimi icra olunduğunu bildirib. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən digər sərhəd kəndləri kimi Abbasbəyli kəndini də daim diqqətdə saxladığını, sakinlərlə mütəmadi olaraq görüşdüyünü diqqətə çatdırıb.

"Özümə borc bildim ki, bu gün gəlim sizinlə görüşüm və qayğılarınızla maraqlanım”, - deyən icra başçısı kənd sakinləri ilə səmimi söhbət edib. Dünən baş vermiş atışmadan söz açan rayon rəhbəri bu gün sərhədlərimizin keşiyində mətin dayanan "Qazax” əlahiddə sərhəd diviziyasının əsgər və zabitlərinin ayıq-sayıqlığı sayəsində düşmənə layiqli cavabın verildiyini bildirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin irəli əmrinə hazır olan güclü ordumuzun, sərhədçilərimizin torpaqlarımızı, xüsusilə də sərhədlərimizi layiqincə qoruduğunu, sakinlərin təhlükəsizliyinin tam təmin olunduğunu qeyd edib.

Evinin damına zərər dəymiş kənd sakini Kərim Kərimov ona və ailəsinə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Bu gün baş vermiş hadisə ilə bağlı onun ailəsinə baş çəkilməsini dövlətin, ölkə başçısının və rayon rəhbərinin vətəndaşına olan qayğısı kimi göstərib. "Bu gün mən bir daha əmin oldum ki, dövlətimiz, ölkə rəhbərimiz bizim arxamızdadır. Ən əsası da düşmənin bir gülləsinə 5 güllə ilə cavab verməyi, düşmənin hər bir həmləsini dəf etməyi bacaran bu cür ordumuz, sərhədçilərimiz var”, - deyən K.Kərimov dünənki atışmaya baxmayaraq kənddə normal həyat tərzinin olduğu kimi davam etdiyini, hər şeyin öz axarında olduğunu qeyd edib.

GOYEZEN.AZ



Facebook-da paylaş