• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Sənsən azadlıq eşqim-üçrəngli bayrağım!” başlığı altında tədbir keçirilib


Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi, bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən, Dövlət Bayrağını bərpa etmişdir. 1998-ci ildə Ulu Öndər tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamda vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin önəmi vurğulanır, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar müəyyən edilirdi. Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün də davam etdirilir. Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev də Dövlət bayrağımızın layiqincə təmsil olunması, bütün dünyada tanınması üçün məqsədyönlü işlər görür. Ölkə  başçısının rəhbərliyi ilə 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Bundan əlavə, Respublika Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncam bu sahədə görülən işlərin ən bariz nümunəsidir. Bu Sərəncama əsasən hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut edir. Bununla da Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması kimi bir ənənənin əsası qoyulmuş oldu. Dövlət başçısı 2010-cu ilin 1 sentyabr tarixində Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində deyirdi: "Bu bayraq bizim milli dəyərimizdir. Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir”. 

Respublikamızın bir çox rayonlarında, o cümlədən, Qazaxda da Dövlət Bayrağı Meydanı salınıb. Hündürlüyü 51 metr olan dövlət bayrağının dalğalandığı həmin meydanda 2016-cı ilin oktyabrında yenidənqurma, restavrasiya işləri aparılaraq daha müasir görkəmə gətirilib. Hazırda əzəmətli bayrağımız şəhərimizin bayraq meydanında vüqarla dalğalanır, hər bir qazaxlıya iftixar hissi yaşadır. 

Bəli, Azərbaycanın dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri olan Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. 9 noyabr tarixi hər il ölkəmizdə Dövlət Bayrağı Günü kimi böyük təntənə ilə qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu əlamətdar gün münasibətilə silsilə tədbirlərə start verilib.


Bu gün növbəti bayram tədbiri Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunub. Mərkəzin və N.Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı "Sənsən azadlıq eşqim-üçrəngli bayrağım!” başlığı altında keçirilən tədbirdə dövlət suverenliyimizin rəmzi, Azərbaycan Respublikasının Dövlət atributlarından biri olan Milli Bayrağımızın yaranması tarixinə bir daha nəzər salınıb. Bayraq Gününə həsr olunmuş filmdə bayrağımızın keçdiyi şanlı yoldan söhbət açılıb. Daim zirvələrdə dalğalansın deyə uğrunda canlar fəda edilən üçrəngli Azərbaycan bayrağının xalqımız, millətimiz, dövlətimiz üçün nə qədər əhəmiyyətli olduğu bir daha diqqətə çatdırılıb.

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq Milli Bayrağımızın keçdiyi tarixi və şərəfli yol haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Dostlarımızı sevindirən, düşmənlərimizi xar edən, qürür yerimiz olan üçrəngli bayrağımız dövlətimizin varlığını, onun əzəmətini və gücünü bütün dünyada təsdiqləyir.

Şəhər 5 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, direktor müavini Yetər Lələyeva, tarix müəllimi Gülarə Müvəssəqi çıxış edərək bayrağımızın yaranma tarixindən, ölkəmizin qazandığı nailiyyətlərdən söz açıb, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı səmimi qəlbdən təbrik ediblər.

Bugünkü bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da iştirak edərək 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə məktəbliləri təbrik edib, müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə uğurlar arzulayıb.

Sonra məktəblilərdən Nuray Budaqovanın, Gülay Budaqovanın, Gülər Məmmədlinin, Nərmin Abdullayevanın, Salatın Abdullayevanın, Aysu Məmmədovanın və başqalarının Bayraq Gününə həsr etdikləri şeirləri dinləyib, ədəbi-bədii kompozisiyaya baxıb. Sonda uşaqlarla xatirə şəkli çəkdirib.












 

GOYEZEN.AZ



Facebook-da paylaş