İcra başçısı mərkəzi xəstəxanada görülən işlərlə tanış olub
Son illər səhiyyə sahəsində
olan inkişaf, bu sahəyə olan diqqət və qayğı respublikamızın hər yerində olduğu
kimi, Qazaxda da hiss olunmaqdadır. Rayon sakinlərinə səhiyyə sahəsində yüksək
səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Ölkə
başçısının diqqət və qayğısı sayəsində rayonda inşa olunan 145 çarpayılıq
Mərkəzi Xəstəxana binası bu istiqamətdə görülən məqsədyönlü işlərin bariz
nümunəsidir. Bu gün tam əminliklə deyə bilərik ki, 2,6
hektar sahədə inşa olunan Mərkəzi Xəstəxana binası bölgənin ən müasir səhiyyə
ocaqlarından biridir. Bildiyiniz kimi, 10 korpusdan ibarət olacaq Mərkəzi
Xəstəxananın artıq 5 korpusu inşa olunub. Bundan əlavə, köməkçi binaların
hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-səhman işləri
aparılıb. Sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün binanın
kənarına səki daşları döşənib. 5 korpusla yanaşı, binanın ətrafında həcmi 400
kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator
stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Bir sözlə, 5 korpusda
əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün lazım olan bütün şərait
yaradılıb. Hazırda isə qalan 5
korpusun tikintisi uğurla davam etdirilir. Belə ki, "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon Mərkəzi
Xəstəxananın qalan 5 korpusunun inşası da öz əksini tapıb. Bu gün hər bir rayon
sakini bu xəbəri sevinc hissi ilə qarşılayır və ölkə başçısına minnətdarlıq
edir. Tikinti başlayan ilk gündən
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov xəstəxananın tikintisinə
yaxından dəstək olur və lazım olan köməklik göstərilir. Rayon rəhbəri bu gün də yeni
səhiyyə ocağında əlavə korpusların inşası ilə maraqlanıb, görülən işlərlə tanış
olub. İş icraçısı Calal Əfəndiyev
görülən işlər barədə məlumat verərək bildirib ki, özül hissələri tökülmüş
Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi
cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisi
uğurla davam etdirilir. Arakəsmə beton tökülüb və mərtəbə hissələri qurulub.
Hazırda hörgü işləri görülür. İş icraçısı qeyd edib ki,
işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, ikimərtəbəli korpusların birinci
mərtəbəsində işlər yaxın günlərdə yekunlaşacaq və ikinci mərtəbədə işlərə start
veriləcək. Həmçinin, yoluxucu xəstəliklər şöbəsinin tikintisinə də yaxın
vaxtlarda başlanılacaq. Görülən işlərlə tanış olan
icra başçısı işlərin keyfiyyətlə aparılmasını qeyd edib, tapşırıq və
tövsiyələrini verib. Rayon sakinləri onlar üçün
yüksək səviyyədə yeni səhiyyə ocağının inşa olunmasını qazaxlılara verilən ən
böyük dəyər kimi qiymətləndirirlər. Respublikamızda, eləcə də düşmənlə 168 km
sərhəddə yerləşən Qazax rayonunda səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya
görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. GOYEZEN.AZ
Facebook-da paylaş