Qazax rayon Mərkəzi Xəstəxana binasında daha 5 korpusun inşasına başlanılıb
Bu gün ölkəmizdə olan sabitlik
bütün sahələrlə yanaşı, səhiyyənin də hərtərəfli inkişafını təmin edir. Bunu
tikilən və yaxud yenidən qurulan xəstəxanaların, yeni strukturlu müalicə
müəssisələrinin, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin sayının
ildən-ilə artmasından, eləcə də səhiyyə ocaqlarının maddi-texniki bazalarının
möhkəmləndirilməsindən aydın şəkildə görmək olar.
Sevindirici hal isə odur ki,
səhiyyə sahəsində olan bu inkişaf respublikamızın bütün bölgələrini əhatə edir.Qazaxda da rayon sakinlərinə səhiyyə sahəsində yüksək səviyyədə
xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Bu sahə daim diqqət
mərkəzində saxlanılır. Rayonumuzda inşa olunan Mərkəzi Xəstəxana binasının
tikintisi bunun əyani göstəricisidir. Bu xəstəxana binası ölkə başçısının
respublikamızın bölgələrində səhiyyə sahəsinin inkişafı istiqamətində gördüyü
məqsədyönlü işlərin bariz nümunəsidir.
2,6 hektar sahədə inşa
olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana binası bölgənin ən müasir səhiyyə
müəssisələrindən biridir. Məlumat verdiyimiz kimi, Mərkəzi Xəstəxana 10
korpusdan ibarət olacaqdır ki, artıq onun 5 korpusu inşa olunub. Köməkçi
binaların hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-səhman
işləri aparılıb. Sakinlərin rahat
gediş-gəlişini təmin etmək üçün binanın kənarına səki daşları döşənib. 5
korpusdan əlavə, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu,
qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış
məntəqəsi də inşa edilib. Bir sözlə, 5 korpusda əhaliyə yüksək səviyyədə tibbi
xidmət göstərmək üçün lazım olan bütün şərait yaradılıb, avadanlıqlar gətirilib
və quraşdırılıb.
Hazırda həmin 5 korpusun inşasına
başlanılıb.
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni səhiyyə ocağında əlavə korpusların
inşası ilə maraqlanıb, görülən işlərlə tanış olub.
İş icraçısı Calal Əfəndiyev
görülən işlər barədə məlumat verərək bildirib ki, özül hissələri tökülmüş
Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi
cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi
korpusların tikintisinə start verilib. Hazırda arakəsmə beton tökülür və
mərtəbə hissələri qurulur. Bu iş başa çatdıqdan sonra hörgü işlərinə
başlanılacaq. İş icraçısı yoluxucu xəstəliklər şöbəsinin tikintisinə isə yaxın
vaxtlarda başlanılacağını bildirib.
Görülən işlərlə tanış olan
rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edib, tapşırıq və
tövsiyələrini verib.
Qazax rayon Mərkəzi
Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova bu gün düşmənlə 168 km
sərhəddə yaşayan rayon sakinləri üçün yüksək səviyyədə yeni səhiyyə ocağının
inşa olunmasını Qazax səhiyyəsinə, bütövlükdə qazaxlılara verilən ən böyük
dəyər kimi qiymətləndirib. Respublikamızda, eləcə də Qazax rayonunda səhiyyə
sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə bütün
səhiyyə işçiləri adından minnətdarlığını bildirib. GOYEZEN.AZ
Rayon sakinləri üçün sevindirici
xəbərlərdən biri də "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon Mərkəzi Xəstəxananın qalan 5 korpusunun inşasının
öz əksini tapmasıdır. Bu gün hər bir rayon sakini bu xəbəri sevinc hissi ilə
qarşılayır və ölkə başçısına minnətdarlıq edir.
Facebook-da paylaş