Qazaxda inşa olunan Mərkəzi Xəstəxana binasında son tamamlanma işləri aparılır
Bu gün Qazaxda
rayon sakinlərinə səhiyyə sahəsində yüksək səviyyədə xidmət göstərilməsi üçün
hər cür şərait yaradılır. Bu sahə daim diqqət mərkəzində saxlanılır. Məhz rayonumuzda
inşa olunan Mərkəzi Xəstəxana binasının tikintisi bunun əyani göstəricisidir.
Bu xəstəxana binası ölkə başçısının respublikamızın bölgələrində səhiyyə
sahəsinin inkişafı istiqamətində gördüyü məqsədyönlü işlərin bariz nümunəsidir. Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni səhiyyə ocağında görülən son
tamamlanma işləri ilə tanış olub, xəstəxanaya gətirilən avadanlıqlarla
maraqlanıb. Qazax rayon
Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova qeyd edib ki, 2,6 hektar
sahədə inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana tikintisi başa çatdıqdan
sonra bölgənin ən müasir səhiyyə müəssisələrindən biri olacaqdır. Bunun üçün 5
korpusda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazım olan bütün
avadanlıqlar hissə-hissə gətirilir və quraşdırılır. Məlumat üçün
bildirək ki, Mərkəzi Xəstəxana 10 korpusdan ibarət olacaqdır ki, onun da 5
korpusu inşa olunub və son tamamlanma işləri görülür. Köməkçi binaların hamısı
tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-səhman işləri aparılır, kanalizasiya
xətti qoşulur. Sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün binanın
kənarına səki daşları döşənir. 5 korpusdan əlavə, binanın ətrafında həcmi 400
kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator
stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Bundan başqa, xəstəxana
binasında təcili tibbi yardım, dializ və ümumi cərrahiyə şöbələrinin də özül
hissəsi tökülüb. Bu korpuslar da inşa olunacaqdır. Hazırda işlərin sürətlə
aparılması onu deməyə əsas verir ki, 5 korpus yaxın günlərdə istifadəyə
veriləcəkdir. Bu gün düşmənlə
168 km sərhəddə yaşayan rayon sakinləri belə yüksək səviyyədə yeni səhiyyə
ocağının inşa olunmasını Qazax səhiyyəsinə, bütövlükdə qazaxlılara verilən ən
böyük dəyər kimi qiymətləndirirlər. Respublikamızda, eləcə də Qazax rayonunda
səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını
çatdırırlar.
GOYEZEN.AZ
Facebook-da paylaş