Mərkəzi Xəstəxana binasının tikintisi başa çatmaq üzrədir
Bu gün Qazax
rayonunda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə
sahəsidir. Bu sahədə rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərilməsi
üçün hər cür şərait yaradılır. Qazax rayonunda inşa edilən rayon Mərkəzi
Xəstəxanasının tikintisi də bunun bariz nümunəsidir. 145 çarpayılıq Mərkəzi Xəstəxana tikintisi
başa çatdıqdan sonra bölgənin ən müasir səhiyyə müəssisələrindən biri
olacaqdır. 10 korpusdan ibarət olacaq binada işlərə ilk gündən
sürətlə başlanılıb. Məhz bunun nəticəsidir ki, 2,6 hektar sahədə inşa olunan
xəstəxana binasında əsas işlər demək olar ki, başa çatıb. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Vüqar
Hüseynov yeni səhiyyə ocağının tikintisi ilə tanış
olmaq üçün tikinti meydançasına gələrək görülən işlərlə
maraqlanıb. Baş iş icraçısı
Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 5 korpusda
aparılan əsas tikinti işləri demək olar ki, yekunlaşmaq üzrədir. Köməkçi
binaların hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-sahman
işləri aparılıb. Qeyd edib ki,
hazırda görülən əsas işlərdən biri binanın giriş hissəsinə spayderin
vurulmasıdır ki, burada şüşənin vurulması başa çatmaq üzrədir. Bildirib ki,
təcili tibbi yardım, dializ və ümumi cərrahiyə şöbələrinin də özül hissəsi
tökülüb. Bu korpuslar da inşa olunacaqdır. Son tamamlanma
işləri ilə yaxından tanış olan rayon rəhbəri işlərin daha da
sürətləndirilməsini və keyfiyyətlə aparılmasını tapşırıb. Rayon Mərkəzi
Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova respublikamızda səhiyyə sahəsinə
göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə rəhbərlik etdiyi
kollektiv adından dərin minnətdarlığını bildirib. Düşmənlə 168 km sərhəddi olan
Qazaxda belə yüksək səviyyədə yeni səhiyyə ocağının inşa olunmasını Qazax
səhiyyəsinə, bütövlükdə qazaxlılara verilən ən böyük dəyər və qayğı kimi
qiymətləndirib. Məlumat üçün
onu da bildirək ki, 5 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan
iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator
stansiyası üçün bina tikilib. Nəzarət-buraxılış məntəqəsi tikilib. Hazırda
işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, 5 korpus yaxın günlərdə istifadəyə
veriləcəkdir. GOYEZEN.AZ
Facebook-da paylaş