Əsas Səhifə > Manşet / Sosial > Mərkəzi Xəstəxana binasının tikintisi başa çatmaq üzrədir

Mərkəzi Xəstəxana binasının tikintisi başa çatmaq üzrədir


1-11-2018, 20:50


Bu gün Qazax rayonunda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sahəsidir. Bu sahədə rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Qazax rayonunda inşa edilən rayon Mərkəzi Xəstəxanasının tikintisi də bunun bariz nümunəsidir.  145 çarpayılıq Mərkəzi Xəstəxana tikintisi başa çatdıqdan sonra bölgənin ən müasir səhiyyə müəssisələrindən biri olacaqdır. 10 korpusdan ibarət olacaq  binada işlərə ilk gündən sürətlə başlanılıb. Məhz bunun nəticəsidir ki, 2,6 hektar sahədə inşa olunan xəstəxana binasında əsas işlər demək olar ki, başa çatıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynov yeni səhiyyə ocağının tikintisi ilə tanış olmaq üçün tikinti meydançasına gələrək görülən işlərlə maraqlanıb. 

Baş iş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 5 korpusda aparılan əsas tikinti işləri demək olar ki, yekunlaşmaq üzrədir. Köməkçi binaların hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-sahman işləri aparılıb.

Qeyd edib ki, hazırda görülən əsas işlərdən biri binanın giriş hissəsinə spayderin vurulmasıdır ki, burada şüşənin vurulması başa çatmaq üzrədir. Bildirib ki, təcili tibbi yardım, dializ və ümumi cərrahiyə şöbələrinin də özül hissəsi tökülüb. Bu korpuslar da inşa olunacaqdır.

Son tamamlanma işləri ilə yaxından tanış olan rayon rəhbəri işlərin daha da sürətləndirilməsini və keyfiyyətlə aparılmasını tapşırıb.

Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova respublikamızda səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib. Düşmənlə 168 km sərhəddi olan Qazaxda belə yüksək səviyyədə yeni səhiyyə ocağının inşa olunmasını Qazax səhiyyəsinə, bütövlükdə qazaxlılara verilən ən böyük dəyər və qayğı kimi qiymətləndirib.

Məlumat üçün onu da bildirək ki, 5 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator stansiyası üçün bina tikilib. Nəzarət-buraxılış məntəqəsi tikilib. Hazırda işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, 5 korpus yaxın günlərdə istifadəyə veriləcəkdir.













GOYEZEN.AZ

 


Geri qayıt