Qazax rayon Mərkəzi Xəstəxana binasında 5 korpusun tikintisi sürətlə davam etdirilir
Son illər respublikamızda səhiyyənin hərtərəfli inkişafını təmin edən məqsədyönlü işlər görülür. Bunun üçün tikilən və yaxud yenidən qurulan xəstəxanalar, yeni strukturlu müalicə müəssisələri, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, eləcə də səhiyyə ocaqlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi sahəsində atılan uğurlu addımlar bu dediklərimizi əyani şəkildə sübut edir.
Sevindirici haldır ki, səhiyyə sahəsində olan bu inkişaf respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da hiss olunur. Rayon sakinlərinə səhiyyə sahəsində yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Rayonumuzda inşa olunan Mərkəzi Xəstəxana binasının tikintisi ölkə başçısının respublikamızın bölgələrində səhiyyə sahəsinin inkişafı istiqamətində gördüyü məqsədyönlü işlərin bariz nümunəsidir.
Bəli, 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana binası bölgənin ən müasir səhiyyə müəssisələrindən biridir. Məlumat verdiyimiz kimi, Mərkəzi Xəstəxana 10 korpusdan ibarət olacaqdır ki, artıq onun 5 korpusu inşa olunub. Köməkçi binaların hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-səhman işləri aparılıb. Sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün binanın kənarına səki daşları döşənib. 5 korpusdan əlavə, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Bir sözlə, 5 korpusda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazım olan bütün şərait yaradılıb, avadanlıqlar gətirilib və quraşdırılıb.
Sevindirici xəbərlərdən biri də odur ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon Mərkəzi Xəstəxananın qalan 5 korpusunun inşası da öz əksini tapıb. Bu gün hər bir rayon sakini bu xəbəri sevinc hissi ilə qarşılayır və ölkə başçısına minnətdarlıq edir.
Hazırda həmin 5 korpusun inşası uğurla davam edirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni səhiyyə ocağında əlavə korpusların inşası ilə maraqlanıb, görülən işlərlə tanış olub.
İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, özül hissələri tökülmüş Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisinə start verilib. Arakəsmə beton tökülüb və mərtəbə hissələri qurulub. Hazırda hörgü işlərinə başlanılıb. Qeyd edib ki, işlərin sürətlə aparılmasının nəticəsidir ki, artıq birinci mərtəbədə işlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə ikinci mərtəbədə işlərə start veriləcək. İş icraçısı yoluxucu xəstəliklər şöbəsinin tikintisinə isə yaxın vaxtlarda başlanılacağını bildirib.
Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edib, tapşırıq və tövsiyələrini verib.
Rayon sakinləri onlar üçün yüksək səviyyədə yeni səhiyyə ocağının inşa olunmasını qazaxlılara verilən ən böyük dəyər kimi qiymətləndirirlər. Respublikamızda, eləcə də düşmənlə 168 km sərhəddə yerləşən Qazax rayonunda səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş