Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı mərkəzi xəstəxanada görülən işlərlə tanış olub

İcra başçısı mərkəzi xəstəxanada görülən işlərlə tanış olub


25-03-2019, 14:07


Son illər səhiyyə sahəsində olan inkişaf, bu sahəyə olan diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da hiss olunmaqdadır. Rayon sakinlərinə səhiyyə sahəsində yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Ölkə başçısının diqqət və qayğısı sayəsində rayonda inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana binası bu istiqamətdə görülən məqsədyönlü işlərin bariz nümunəsidir. Bu gün tam əminliklə deyə bilərik ki, 2,6 hektar sahədə inşa olunan Mərkəzi Xəstəxana binası bölgənin ən müasir səhiyyə ocaqlarından biridir. Bildiyiniz kimi, 10 korpusdan ibarət olacaq Mərkəzi Xəstəxananın artıq 5 korpusu inşa olunub. Bundan əlavə, köməkçi binaların hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-səhman işləri aparılıb.  Sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün binanın kənarına səki daşları döşənib. 5 korpusla yanaşı, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Bir sözlə, 5 korpusda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün lazım olan bütün şərait yaradılıb.

Hazırda isə qalan 5 korpusun tikintisi uğurla davam etdirilir. Belə ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon Mərkəzi Xəstəxananın qalan 5 korpusunun inşası da öz əksini tapıb. Bu gün hər bir rayon sakini bu xəbəri sevinc hissi ilə qarşılayır və ölkə başçısına minnətdarlıq edir.

Tikinti başlayan ilk gündən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov xəstəxananın tikintisinə yaxından dəstək olur və lazım olan köməklik göstərilir.

Rayon rəhbəri bu gün də yeni səhiyyə ocağında əlavə korpusların inşası ilə maraqlanıb, görülən işlərlə tanış olub.

İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, özül hissələri tökülmüş Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisi uğurla davam etdirilir. Arakəsmə beton tökülüb və mərtəbə hissələri qurulub. Hazırda hörgü işləri görülür.

İş icraçısı qeyd edib ki, işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, ikimərtəbəli korpusların birinci mərtəbəsində işlər yaxın günlərdə yekunlaşacaq və ikinci mərtəbədə işlərə start veriləcək. Həmçinin, yoluxucu xəstəliklər şöbəsinin tikintisinə də yaxın vaxtlarda başlanılacaq.

Görülən işlərlə tanış olan icra başçısı işlərin keyfiyyətlə aparılmasını qeyd edib, tapşırıq və tövsiyələrini verib.

Rayon sakinləri onlar üçün yüksək səviyyədə yeni səhiyyə ocağının inşa olunmasını qazaxlılara verilən ən böyük dəyər kimi qiymətləndirirlər. Respublikamızda, eləcə də düşmənlə 168 km sərhəddə yerləşən Qazax rayonunda səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.















 

GOYEZEN.AZ


Geri qayıt