Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikasında dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən
yaradıcılıq ittifaqları və birlikləri milli ədəbiyyatın və ana dilinin
inkişafında, xalqımızın zəngin musiqi irsinin dünyada geniş miqyasda
tanıdılmasında, teatr, kino və aşıq sənəti ənənələrinin qorunub saxlanılması və
təbliğində fəal iştirak edir.
Ölkənin
mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, habelə Azərbaycanda
mədəniyyətin, incəsənətin təbliğində, memarlığın inkişafında yaradıcı
kollektivlərin rolu əvəzsizdir.
Azərbaycan
yaradıcılıq ittifaqları və birliklərinin müraciətlərini nəzərə alaraq, onların
fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar
Birliyinə 800 (səkkiz yüz) min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650
(altı yüz əlli) min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 (üç yüz əlli)
min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 (üç yüz)
min manat, Azərbaycan Memarlar İttifaqına 250 (iki yüz əlli) min manat,
Azərbaycan Teatr Xadimləri İttifaqına 250 (iki yüz əlli) min manat və
Azərbaycan Aşıqlar Birliyinə 250 (iki yüz əlli) min manat ayrılsın.
2.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2019-cu il.
Facebook-da paylaş