Çoxmənzilli binada aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir
Bu gün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt uğurla davam etdirilir desək yanılmarıq. Çünki ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial islahatların əhatə dairəsi ildən-ilə daha da genişləndirilir. Son 15 ildir ki, ölkə başçısının əhalinin məşğulluğunun və rahat yaşayışının təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr bunun bariz nümunəsidir. Məhz dövlət başçısının bu diqqət və qayğısı sayəsində hər il paytaxtla yanaşı, respublikamızın bölgələrində də ictimai yaşayış binaları tikilərək istifadəyə verilir və yaxud da mövcud çoxmənzilli yaşayış binaları əsaslı şəkildə təmir olunur.
Diqqət çəkən məqamlardan biri də odur ki, respublikamızda aparılan sürətli və dinamik inkişaf bölgələrimizdə də hiss olunur. Təkcə son iki il yarım ərzində ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın olduğu kimi icra olunması bunun bariz nümunəsidir. Həmin Sərəncama əsasən ötən il 78, bu il isə daha 49 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılması, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikilməsi və təmir olunması, eləcə də bir binanın həyətində bu işin davam etdirilməsi görülən işlərin əyani göstəricisidir. Rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 127-nin yüksək səviyyədə təmir olunması və sakinlərin istifadəsinə verilməsi vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsas işlərdir.
Şəhərin Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65 nömrəli, "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60, 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binaları Cari ildə rayonda təmir olunan həmin binalara nümunədir.
Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı da bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi qiymətləndirmək olar.
Hal-hazırda isə şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı və Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binalar da əsaslı şəkildə təmir olunur.
Məlumat verdiyimiz kimi, rayonda əsaslı şəkildə təmir olunan çoxmənzilli binalardan biri də şəhərin N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı binadır. Bu binada da artıq əsas işlərin xeyli hissəsi görülüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov binada iş başlayan ilk gündən mütəmadi olaraq görülən işlərlə yaxından tanış olur, keyfiyyətli aparılması üçün öz tapşırıq və tövsiyələrini verir.
Rayon rəhbəri bu gün də təmir olunan binaya baş çəkib, işlərlə maraqlanıb.
İcra başçısına məlumat verilib ki, binanın istər bloklarında, istərsə də xarici fasadında əsaslı təmir işləri aparılıb. Belə ki, bloklarda və xarici fasadda suvaq və üzlük vurulub. Elektrik, qaz xətləri səliqəyə salınıb. Bloklara giriş qapıları qoyulub. Həyətdə olan köhnə daşlar sökülərək səliqəyə salınıb, blokların giriş hissəsinə beton tökülüb. Bundan başqa, binanın kənarında sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün yeni beton pilləkanlar qoyulub. Həyətdə olan qarajların xarici fasadı suvanaraq rənglənib.
Çoxmənzilli yaşayış binasında görülən əsas işlərdən biri də bina sakinlərinin istəyini nəzərə alaraq binanın həyətində xeyir-şər evinin tikilməsidir. Xeyir-şər evinin xarici və daxili fasadında suvaq işləri aparılaraq rənglənib. Qapı və pəncərələr qoyulub. Hazırda xeyir-şər evinin dam örtüyü vurulur.
Çoxmənzilli binalarda görülən işləri rayon sakinləri də yüksək qiymətləndirirlər. Respublikamızda, eləcə də rayonda görülən genişmiqyaslı abadlıq, quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş